Politoloq: Tramp Obamadan qisas almaq istəyir

Barak Obama məsuliyyətə cəlb edilərsə, bu, ABŞ tarixində ilk belə hadisə olacaq və ölkədə siyasi uçurum yaradacaq
Rusiyanın 2016-cı il ABŞ prezident seçkilərinə müdaxiləsi ilə bağlı uzun müddətdir davam edən istintaqa görə Donald Tramp və komandası eks-prezident Barak Obamaya qarşı ittihamlar səsləndirib. İddialara görə, Trampı Moskvanın agenti kimi təqdim etmək üçün ovaxtkı nəticəsiz cəhdlərin arxasında məhz keçmiş prezident dayanıb. Bildirilir ki, bu səbəbdən gələcəkdə Obama haqqında "vətənə xəyanətlə" bağlı cinayət işi qaldıra bilər. Ağ Evin rəhbəri özünün “Truth Social” sosial şəbəkəsində milli kəşfiyyatın direktoru Tulsi Qabbardı, eləcə də jurnalist Harrison Fildsi “yaxşı iş” münasibəti ilə təbrik edib. 
Politoloq Zeynal Əmrəliyev Sherg.az-a bildirib ki, Donald Trampın Barak Obama üzərinə hücuma keçməsi son bir neçə amillə bağlıdır. Ekspertin fikrincə, ilk növbədə bu, son zamanlar Obama ailəsinin Demokratlar Partiyası içərisində artan nüfuzuna görədir:
 "Demokratlar içərisindəki bəzi fiqurlar yenidən Obama dövrünə qayıtmaqla bağlı çağırışlar edirlər. Barak Obamanın yenidən prezident seçilmək şansı olmadığına görə, həyat yoldaşı Mişel Obamanın namizədliyi təklif edilir. Başqa bir variant isə prezident seçilmək üçün 2 dəfə namizəd olmaq qadağasının ləğvi ilə bağlı təklifin demokratlar tərəfindən dəstəklənməsidir. Sabiq prezidentin tərəfdarları düşünürlər ki, bu, Obamanın Ağ Avə qayıdışının yolunu aça bilər. Tramp bu yolla potensial rəqibini sıradan çıxara və ya onun mövqeyini zəiflədər. İkinci məsələ Trampın Obamadan heyif almaq cəhdidir. 2016-cı il prezident seçkiləri zamanı açıq şəkildə Hillari Klintona dəstək verən Barak Obama Donald Trampı "Rusiyanın adamı" adlandırırdı. Bu, hazırkı prezidentin reytinqinə ciddi təsir göstərdi və seçki yarışında ona xeyli çətinlik yaratdı. Tramp da Obamanı "vətənə xəyanətdə" ittiham etməklə sələfini cəzalandırmaq istəyir. Əgər vəziyyət ciddiləşib Barak Obama məsuliyyətə cəlb edilərsə, bu, ABŞ tarixində ilk belə hadisə olacaq və ölkədə siyasi uçurum yaradacaq. Bu ittihamların Trampın adının "Jeffrey Epstein" qalmaqalında hallanmasından sonra səsləndirilməsi diqqətçəkəndir. Trampın bu ittihamları müəyyən qədər diqqəti öz üzərindən yayındırmaq cəhdi kimi də qiymətləndirilə bilər. İstənilən halda, məsələnin ciddiləşməsi ABŞ daxilində ciddi siyasi təlatümə gətirib çıxara bilər. Obamanın həbsi mövcud siyasi sistemin dayaqlarını zədələyəcək mühüm hadisədir".