Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putinin görüşü ilə bağlı planlar dalana dirənib. Cenevrə, Vyana, Budapeşt və İstanbul kimi şəhərlərin sammit üçün mümkün məkan olduğu müzakirə olunsa da, Zelenski və Putin 2019-cu ildən eyni masada üz-üzə gəlməyiblər.
Hazırda da tərəflər illərdir dəyişməyən mövqelərində qalır, hər biri digərini sülh danışıqlarını pozmaqda ittiham edir. Reallıq isə odur ki, yaxın zamanda Zelenski ilə Putinin bir masa arxasına oturması getdikcə daha da qeyri-mümkün görünür.
Almaniya kansleri Fridrix Merts isə deyib ki, Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Volodimir Zelenski arasında görüş baş tutmasa, Moskva yeni sanksiyalarla üzləşə bilər. Kansler bildirib ki, Avropa İttifaqı artıq Rusiyaya qarşı əlavə məhdudlaşdırıcı tədbirlər hazırlayır. Həmçinin o, ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı yeni tariflər və digər cəzaları tətbiq edəcəyini istisna etməyib.
Siyasi ekspert Aqşin Kərimov Sherg.az-a açıqlamasında deyib ki, Rusiya ilə Ukrayna arasında yaxın zamanlarda prezidentlər səviyyəsində görüş planlaşdırılmır:
“Rusiya ilə Ukrayna arasında növbəti görüşün baş tutacağı qaçılmazdır, lakin bu, nümayəndə heyətlərinin tərkibi baxımından yeni formatda olmayacaq.
Maksimum şəkildə Rusiya ilə Ukrayna İstanbul danışıqları formatı çərçivəsində yeni danışıqlara başlaya bilərlər, əlavə olaraq isə ABŞ-nin müzakirələrdə vasitəçiliyi yüksək ehtimal olaraq qalır.
Rusiyanın xarici işlər naziri ötən günlərdə Sergey Lavrovun NBC telekanalına verdiyi müsahibədəki mövqeyi də bu fikri təsdiq edir. Lavrovun ABŞ mediasına verdiyi bu müsahibə çox güman ki, Qərb auditoriyasına birbaşa olaraq “Putinin Zelenski ilə görüşdə maraqlı olmadığı” mövqeyini çatdırmaq məqsədi daşıyır.
Başqa yandan Rusiya Ukrayna Prezidenti Volodimir Zelenskinin qeyri-legitimliyi barədə irəli sürdüyü hekayələri qüvvətləndirərək Qərbdən də bu yanaşmaya dəstək axtarır. Rusiya ehtimalla bunun üçün Ukraynadakı müharibə kampaniyasını yenilənən hücum elementləri ilə zənginləşdirərək prosesi əlavə ərazi nailiyyətləri ilə uyğunlaşdırmaq istəyəcək.
Digər məqsəd isə belədir ki, Zelenski Kremlin maksimalist tələblərinə yaxın olacaq mövqeyə yaxınlaşsın. Bundan sonra Putin Zelenski ilə görüşə bilər və bunu daxili auditoriyaya müharibədəki yeni geosiyasi qaydalarla izah etməyə cəhd göstərər”.
Siyasi analitik Azər Qasımov isə bildirib ki, Putin–Zelenski görüşünün mümkünsüzlüyü, əslində, iki ölkəni indiki duruma gətirdi:
“Onlar müharibədən əvvəl görüşsəydilər, vəziyyət indiki duruma gəlməzdi. Amma bu, mümkün deyildi. Çünki Putin Zelenskini özünə bərabər rəhbər hesab etmir. Putin özünü ondan güclü və səviyyəli görür. Zelenskini isə Qərbin əlaltısı sayır. Ona görə də görüşü onunla yox, onu idarə edənlər hesab etdikləri ilə keçirir”.
Onun sözlərinə görə, İstanbul formatı isə yalnız aşağı ranqlı məmurların iştirak etdiyi bir platformadır:
“İstanbulda nə qədər desən, görüş xatirinə görüş keçirmək olar. Zelenskinin Putinlə görüşə hazır olduğunu bəyan etməsini anlamaq olar. O düşünür ki, bəlkə, bu yolla nəsə əldə etmək mümkün olar. Amma Putin Zelenski ilə görüşməz. Çünki bu, onun üçün ölkə daxilində prestij itkisi olar”.
Azər Qasımov qeyd edib ki, ABŞ tərəfinin Alyaska görüşü zamanı irəli sürdüyü Zelenski–Putin danışıqları ilə bağlı açıqlamalar da reallıqdan uzaq idi:
“Belə bir görüş Rusiya üçün yalnız şou xarakteri daşıya bilər. Bu da yalnız o halda mümkün olardı ki, Zelenski Rusiyanın şərtlərini qəbul edib kapitulyasiya sənədinə imza atsın. Bunun isə gerçəkləşməsi mümkünsüzdür. Deməli, belə bir görüş də olmayacaq. Müharibə isə yeni fazaya qədəm qoyur”.