Türkiyə atəşkəs üçün imkan yaradır: Rusiya müharibəni davam etdirməkdə əlverişli mövqedə deyil

“Ukraynaya qarşı müharibənin davamı Rusiyanın iqtisadiyyatını sarsıdır”
"Rusiya müharibənin başlamasından bəri qismən ələ keçirilmiş Ukraynanın dörd bölgəsinə artıq tam nəzarəti əldə etmək niyyətində deyil”.
Bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib. Nazir qeyd edib ki, ruslar əvvəllər dörd bölgənin bütün inzibati sərhədlərini ələ keçirmək niyyətində idilər. İndi bu tələblərdən əl çəkiblər və bir yer istisna olmaqla, təmas xəttində qalırlar. 
Hakan Fidan ABŞ və Rusiya prezidentləri Donald Trampla Vladimir Putin arasında Alyaskada keçirilən görüşdə müəyyən razılaşamaların əldə edildiyini açıqlayıb: “Alyaskada müəyyən prinsiplərin razılaşdırıldığını görürük. Ruslarla amerikalılar arasında razılaşma var (Putin, Zelenski və Tramp arasında üçtərəfli sammitin mümkünlüyü ilə bağlı)”.
Xatırladaq ki, söhbət Ukraynanın Rusiya tərəfindən qismən işğal edilmiş Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərindən gedir.
Politoloq İlqar Vəlizadə Sherg.az-a açıqlamasında deyib ki,  Rusiyanın açıq mənbələrində yayılan məlumatlar və Türkiyə XİN başçısının açıqlamaları göstərir ki, Rusiya rəhbərliyinin müəyyən nüfuzlu qüvvələri müharibəni maksimalist hədəflərlə başa çatdırmağın çətin olduğunu anlayır:
 “Rusiya uzun müddət sanksiyalara qarşı müəyyən formada müqavimət göstərirdi, lakin indi bu müqavimət əhəmiyyətli dərəcədə zəifləyib. Ölkənin dünya iqtisadiyyatından təcridi iqtisadiyyatın dayanıqlığını ciddi şəkildə sarsıdır. Müharibənin davam etməsi ölkə üçün maliyyə və resurs baxımından əlverişli deyil. Rusiya iqtisadiyyatını ayaqda saxlamaq getdikcə çətinləşir.
Rusiya hesab edirdi ki, hava hücumlarının intensivliyi Ukraynanın müqavimətini zəiflədəcək. Lakin əksinə, Rusiya şiddət tətbiq etdikcə Ukraynanın müqaviməti daha da artır. Bu isə göstərir ki, müharibənin davam etdirilməsi istənilən nəticəni vermir. Belə halda müharibənin davam etdirilməsi Rusiya üçün əlverişli deyil, istədikləri nəticəni ala bilmirlər”.
İ.Vəlizadənin sözlərinə görə, Türkiyə tərəfi danışıqlara qoşularaq Rusiyaya imkan yaradır ki, ələ keçirdiyi əraziləri saxlamaq şərti ilə atəşkəsə nail olsunlar. Rusiya da birbaşa şəkildə olmasa da, dolayısı ilə bu imkanlara razılıq verib.
Lakin son günlər baş verən hərbi hücumlar göstərir ki, aparılan danışıqlar və əldə olunan razılaşmalar hələlik etibarlı deyil. Razılaşmanın konkret formatı və mexanizmi müəyyənləşməyib, tərəflər arasında ciddi bir konsepsiya yoxdur.
Politoloq hesab edir ki, belə bir vəziyyətdə günlərdir müzakirə edilən Vladimir Putin və Volodimir Zelenski görüşünün də keçirilməsi praktik baxımdan çətindir: 
“Görüş üçün xüsusi proqram hazırlanmalı, ekspert qruplar uzun müddət işləməlidir.
ABŞ-Rusiya görüşlərində belə aylarla proqram hazırlandı və tez-tez nümayəndə səfərləri təşkil olunurdu.
Ukrayna ilə Rusiya arasında hazırda heç bir formal kontakt yoxdur, buna görə də Ukrayna tərəfinin görüşlə bağlı çağırışları indiki şəraitdə mənasız görünür.
Ümumiyyətlə, belə bir görüş məntiqsizdir: “Axı nə danışacaqlar? Nədən danışacaqlar?””.