"İranda baş verən etirazlar çox vaxt “həqiqət anı” təsəvvürü yaradır - elə bil tarix özünü təkrarlamağa hazırlaşır. Üzdə bir cəlbedici simmetriya yaranır: o vaxt - mühacirətdə olan ayətullah, bu gün - şahın varisi; o vaxt - bazarilər etirazların mühərriki, bu gün yenə onlar. Amma İranın siyasi reallığı belə paralellərə qarşı amansızdır".
Sherg.az xəbər verir ki, bunu siyasi şərhçi Elçin Alıoğlu deyib. Onun sözlərinə görə, Rza Pəhləvi nə institusional, nə sosial, nə də strateji resurslara malikdir. Ona görə onun qayıdışdan, ölkəni idarə etməkdən danışmağa haqqı yoxdur:
"Əsas və birinci problem - daxili legitimliyin yoxluğudur. Pəhləvi onilliklərdir ki, İran cəmiyyəti ilə yox, mühacir diasporası ilə yaşayan bir fiqurdur. Onun siyasi kapitalı ölkə daxilində yox, xaricdə formalaşıb və əsasən beynəlxalq auditoriyaya hesablanıb.
Bu, xırda detal deyil, sistem qüsurudur: İranda legitimlik həmişə içəridən doğulub - məsciddən, partiyadan, yeraltı hərəkatdan, cəbhədən və ya inqilabi komitədən. Ruhullah Xomeyni sürgündə olsa belə, cəmiyyətin içində idi. Pəhləvi isə bu toxumanın xaricində qalıb.
İkinci amil - mənfi tarixi yaddaşdır. İran əhalisinin böyük qismi üçün Pəhləvilər monarxiyası modernləşmənin deyil, xarici asılılığın, repressiyaların və sosial uçurumun simvoludur. Bu, təbliğat klişesi deyil - nəsildən-nəslə ötürülən dayanıqlı bir narrativdir. Etiraz antisistem ola bilər, amma bu, avtomatik şəkildə monarxiyanın bərpası demək deyil. Bugünkü rejimə nifrət keçmişə sevgi doğurmur.
Üçüncü amil - idarəçilik təcrübəsinin tamamilə olmamasıdır. Pəhləvi mediada görünən simvoldur, amma institutlar yaradan lider deyil. Onun nə kölgə hökuməti var, nə elita koalisiyası, nə də ölkə daxilində sosial dayağı. İranda hakimiyyət - tribunadan və şüardan ibarət deyil, o, mürəkkəb güc, iqtisadi və dini strukturlar üzərində real nəzarətdir. Burada mexanizmi olmayan simvollar bir an içində sıradan çıxır.
Dördüncü məqam - xarici dəstəyin dağıdıcı təsiridir. Pəhləviyə yönəlik istənilən beynəlxalq dəstək cəhdləri onu ölkə daxilində avtomatik şəkildə gözdən salır. İran siyasi kodu xaricdən “hazırlanmış” fiqurları prinsipial şəkildə rədd edir. Sanksiyalar və təzyiqlər dövründə bu xüsusilə həssas məsələdir: Qərblə eyniləşdirilən hər bir “varis” daxili mobilizasiya üçün ideal hədəfə çevrilir.
Ən nəhayət - etirazların heç bir monarxik gündəmi yoxdur. Bunlar rejim dəyişikliyinə yönəlmiş strateji layihə yox, sosial ümidsizliyin qısa partlayışlarıdır. İnsanların tələbi tac yox, ləyaqət, iqtisadi sabitlik və təhlükəsizlikdir. Bu tələbi keçmişin fiqurları ilə əvəzləmək - strateji səhvdir".
Analitik hesab edir ki, İran bu gün dəyişimin astanasındadır, amma bu dəyişiklik bərpa yox, transformasiyadır:
"Tarix burada irəli gedir, geriyə deyil. Rza Pəhləvi bəziləri üçün simvol ola bilər, amma ölkə daxilində o, siyasi abstraksiyadır. İranın sərt və praqmatik reallığında isə abstraksiyalar idarə edə bilmir.
Ayrı söhbətin mövzusudur - Pəhləvi sülaləsinin anti-azərbaycan siyasəti, hansı ki, bu gün monarxiyanın bərpasını təbliğ edənlər tərəfindən məqsədli şəkildə unudulur. İran azərbaycanlıları üçün “Pəhləvi” soyadı nə romantik tarix, nə də nostalji simvoldur - bu, sistemli təzyiqin, zorakı assimilyasiyanın və mədəni repressiyaların sinonimidir.
Rza şah Pəhləvinin, daha sonra oğlu Məhəmmədrizə Pəhləvinin siyasəti sərt fars millətçiliyi üzərində qurulmuşdu. Azərbaycanın çoxsaylı və nüfuzlu icması vahid dövlət layihəsinə “təhlükə” kimi baxılırdı. Məhz Pəhləvilər dövründə azərbaycan dili təhsil və idarəetmədən qovuldu, ictimai məkanlardan silindi, ziyalılar təqib olundu, mədəni institutlar məhv edildi.
Azərbaycanlıların istənilən ictimai təşəbbüsü “separatizm” damğası ilə boğulurdu. 1946-cı ildə Azərbaycan Muxtariyyatının dağıdılması və sonrakı repressiyalar hələ də kollektiv yaddaşda dərin iz buraxıb. Təbriz, Urmiya, Ərdəbil üçün Pəhləvi monarxiyası modernləşmə deyil, mərkəzləşmiş zorakılıq idi - burada “loyallıq” qorxu ilə satın alınırdı.
Bu səbəbdən Pəhləvinin ölkəyə “qayıdışı” barədə müzakirələr bir reallığı görməzdən gəlir: azərbaycanlılar bu sülalənin heç vaxt dayağı olmayıb və indi də olmayacaq. Əksinə, Güney Azərbaycan ictimai mühitində “Pəhləvi” adı dərin antipatiya doğurur. Çoxmillətli İranda gələcəyi elə bir simvol üzərində qurmaq mümkün deyil ki, o, bu ölkənin əsas xalqlarından birinin tarixi düşməni kimi qəbul olunur".
E, Alıoğlu bildirir ki, başqa prizmadan baxanda Rza Pəhləvi təkcə seçici bazasını yox, həm də sosial dayağını itirib:
"Güney Azərbaycanın iqtisadiyyatda, ticarətdə, orduda və siyasətdə oynadığı rol nəzərə alınsa, belə bir fiqurun İranda hakimiyyət iddiası reallıqdan uzaqdır.
Ona görə də “Pəhləvi layihəsi” sadəcə perspektivsiz deyil - struktur baxımından iflasa məhkumdur.
İranda gələcək barədə mübahisə etmək olar, amma yaddaşı silmək mümkün deyil.
Pəhləvilər dövrünün yaddaşı isə birliyə yox, basqıya və repressiyalara aid yaddaşdır."