Abramoviçin nümayəndəsi onun Kiyevə səfərini təkzib edib


Rusiyalı iş adamı Roman Abramoviçin nümayəndəsi onun Kiyevə Rusiya ilə Ukrayna arasında danışıqlar prosesinin intensivləşdirilməsinə yardım etmək məqsədilə səfər etdiyi barədə məlumatı təkzib edib.

“Report” xəbər verir ki, bu barədə iş adamının nümayəndəsinə istinadən RBC məlumat yayıb.

“Cənab Abramoviç bu yaxınlarda Kiyevdə olmayıb”, o, nəşrə deyib.

Daha əvvəl “Fortune” jurnalı mənbələrə istinadən yazıb ki, R. Abramoviç Rusiya ilə Ukrayna arasında danışıqlar prosesinin intensivləşdirilməsinə kömək etmək məqsədilə Kiyevə səfər edib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov İstanbulda danışıqlar zamanı bildirib ki, R. Abramoviç Rusiya nümayəndə heyətinin rəsmi üzvü deyil, Moskva ilə Kiyev arasında təmasların təmin edilməsində iştirak edir. Daha əvvəl Peskov Abramoviçin Ukrayna ilə danışıqların ilkin mərhələsində iştirak etdiyini bildirmişdi.