ABŞ hökuməti yanvar ayında Atlantik okeanında təqib edilərək ələ keçirilən, Venesuela ilə əlaqəli tankeri satıb.
Sherg.az-ın məlumatına görə, "Bloomberg" yazır ki, gəminin alıcısı onun yaxın vaxtlarda utilizasiya ediləcəyini təsdiqləyib.
Söhbət əvvəllər Bella 1 adlanan tankerdən gedir. ABŞ sanksiyalarından yayınmağa çalışan gəmi adını dəyişərək Rusiya bayrağı qaldırıb, lakin İslandiya yaxınlığında saxlanılıb.
Hazırda Era adlanan tanker digər müsadirə edilmiş Lileo tankeri ilə birlikdə utilizasiyaya göndərilib. Gəmiləri alan GMS şirkətinin nümayəndələri bildiriblər ki, sövdələşmə ABŞ hökuməti ilə razılaşdırılıb və bu, ikinci dərəcəli sanksiyalar riskini aradan qaldırıb.
Ekspertlər belə tankerlərin ekoloji təhlükə yaratdığını qeyd edirlər. ABŞ hakimiyyəti isə gəmilərin utilizasiyasının onları qeyri-qanuni fəaliyyətdən birdəfəlik çıxarmağın effektiv yolu olduğunu düşünür.