ABŞ Ukraynanı ərazilərini qurban verməyə məcbur edir- ŞƏRH

Vaşinqton üçün əsas məsələ sülh deyil, Ukraynanın geri çəkilməsidir

Ukrayna müharibəsi ilə bağlı diplomatik müzakirələr fonunda diqqətçəkən açıqlama səslənib. Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin yeni administrasiyasının müharibənin dayandırılması üçün Donbasın Rusiyaya verilməsi variantını əsas çıxış yolu kimi gördüyünü bildirib. Kiyev bu yanaşmanı ədalətsiz və qəbuledilməz hesab edir, çünki rəsmi Ukrayna özünü təcavüzkar deyil, hücuma məruz qalan tərəf kimi təqdim edir. Zelenskinin sözləri münaqişənin siyasi həlli ətrafında fikir ayrılıqlarının hələ də dərin olduğunu göstərir və beynəlxalq arenada yeni müzakirələrin dalğasını gücləndirə bilər.

Politoloq Eçin Xalidbəyli Sherg.az-a söyləyib ki, ABŞ-nin belə bir təklif irəli sürməsi beynəlxalq hüquq normalarına ziddir:

“Çünki Donbas Ukraynanın ayrılmaz tərkib hissəsidir. Həmçinin Ukraynanın sərhədləri, ərazi bütövlüyü BMT tərəfindən tanınıb. İndi isə savaşın dayandırılması üçün Dombasın Rusiyaya veriləməsi Ukraynanın ərazi itkilərinə məruz qalması anlamı daşıyacaq. Yəni Ukraynanın beynəlxalq səviyyədə təsbit olunmuş sərhədləri kobud şəkildə pozulacaq. Problemlər yalnız bununla da bitmir. Çünki Dombas Ukraynanın ən böyük sənaye və faydalı qazıntılar olan ərazisidir. Ukrayna bu bölgəni itirərsə həm də, həddindən artıq böyük iqtisadi itkilərə məruz qala bilər”. 

Analitik qeyd edib ki, rəsmi Kiyev belə təkliflə razılaşmaq istəmir:

“Onların əsas hədəfi savaşın dayandırəlması və müharibədən öncəki sərhədlər bərpa olunmasıdır. Yəni Rusiya qoşunlarının Ukrayna ərazilərindən tamamilə çıxarılması və ya çıxarılacağı ilə bağlı beynəlxalq zəmanət verilməsidir. Lakin hələlik belə bir zəmanət vermək niyyətində olan beynəlxalq qurum və ya dövlət yoxdur. Sadəcə bununla bağlı çağırışlar edənlər var. Xüsusilədə Avropa Birliyi tələb edir ki, Ukraynanın ərazi bütövlüyü bərpa olunmalıdır. Ancaq ABŞ üçün Ukraynanın gələcək taleyi elə də ciddi əhəmiyyət daşımır. Ağ Evdə hesab edirlər ki, əsas məsələ savaşın dayandırılmasıdır və bunun üçün Ukrayna öz ərazilərindən bəzilərini qurban verməlidir. Bu məsələdə isə ABŞ və Aİ-nin mövqeləri kəskin ziddiyət təşkil edir. Rəsmi Kiyev də öz mövqeyində israrlıdır. Belə şəraitdə isə yaxın vaxtda savaşın dayandırılması o qədər də inandırıcı deyil. Böyük ehtimalla savaş hələ davam edəcək. Son vaxtlar ABŞ Ukraynaya münasibətdə tam əks mövqedən çıxış etməsi bunun əyani sübutudur. Hətta Tramp “bu müharibə Amerikanın savaşı deyil” deyərək Ukraynanın taleyin ümidi buraxmağa hazır olduğunu büruzə verdi. Son olaraq portret belədir. ABŞ Rusiyanın möveyindən çıxış edir. Aİ isə Ukraynaya dəstək verməkdə çətinliklərlə üzləşib. Bu da Ukraynanın gələcək taleyini sual altında buraxır”.