Aİ ilk mərhələdə 3 min fələstinli polis əməkdaşına təlim keçəcək

Avropa İttifaqı (Aİ) ABŞ-ın Qəzza üçün sülh planını təkcə maliyyə yardımı ilə deyil, həm də təhlükəsizlik və polis sahəsində dəstəkləməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Brüsseldə üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında ilk mərhələdə təxminən 3 min fələstinli təhlükəsizlik əməkdaşı üçün təlimlərin keçiriləcəyini bildirib.

Uzunmüddətli perspektivdə isə 13 min polis əməkdaşının hazırlanması hədəflənir. Polis əməkdaşlarının hazırlanmasını nəzərdə tutan Aİ-nin “EUPOL COPPS” missiyası qısa müddətdə Qəzzadakı ədliyyə və təhlükəsizlik strukturunun bərpasını dəstəkləyəcək. Bu məqsədlə Almaniya tərəfindən maliyyələşdirilən polis akademiyasında fələstinli polis təlimçiləri üçün proqramlar təşkil ediləcək. Digər tədbirlər isə missiyanın mandatının genişləndirilməsindən sonra həyata keçirilə bilər.

K.Kallas tədbirdən sonra media nümayəndələrinə açıqlamasında Aİ-nin “EUPOL COPPS” və “EUBAM Rafah” (Rifah sərhəd-keçid məntəqəsi) missiyalarının mandatının uzadılması məsələlərinin toplantıda müzakirə olunduğunu vurğulayıb.