“Daily Mail”: Həyat yoldaşı Makronu təyyarədə iranlı aktrisa ilə yazışmalarına görə sillələyib

Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makron arasında ötən il Vyetnama səfər zamanı baş verən və geniş müzakirələrə səbəb olan insidentlə bağlı yeni iddialar ortaya çıxıb.

Bu barədə “Daily Mail” məlumat yayıb.

Məlumata görə, fransalı jurnalist Florian Tardifin “Demək olar ki, ideal cütlük” adlı yeni kitabında həyat yoldaşının Makronu vurmasına Fransa liderinin telefonuna iranlı aktrisadan gələn mesajın səbəb olduğu bildirilir.

“Baş verən odur ki, Bricit Makron tanınmış bir şəxsdən — iranlı aktrisadan gələn mesajı görüb”, — fransalı jurnalist deyib.

Florian Tardifin sözlərinə görə, Emmanuel Makron həmin aktrisa ilə bir neçə ay “platonik münasibət” saxlayıb və ona “Sizi çox gözəl hesab edirəm” kimi mesajlar göndərib.

O bildirib ki, bu məlumatı Fransa Prezidentinə yaxın şəxslərdən əldə edib və kitabdakı bütün məlumatlar “faktlara əsaslanır”.

Jurnalistin iddiasına görə, həmin mesajlar cütlük arasında gərginliyə səbəb olub və Hanoy hava limanında prezident təyyarəsində ciddi mübahisə yaşanıb.

Tardif əlavə edib ki, Yelisey Sarayı sonradan hadisə barədə tam açıq danışmadıqlarına görə peşman olub.

Bununla yanaşı, Yelisey Sarayı iddiaları təkzib edib. Bildirilib ki, Fransanın birinci xanımı heç vaxt həyat yoldaşının telefonunu yoxlamır.

Qeyd edək ki, 2025-ci ilin mayında yayılan videoda Bricit Makronun təyyarədən enməyə hazırlaşarkən Fransa Prezidentini sillələdiyi görünürdü. Həmin vaxt Emmanuel Makron hadisəni kiçiltməyə çalışaraq, bunun sadəcə zarafat olduğunu demişdi.

Xatırladaq ki, məsələyə ABŞ Prezidenti Donald Tramp da münasibət bildirmişdi. O, Ağ Evdə çıxışı zamanı hadisə ilə bağlı istehzalı açıqlama verərək, “Makronun həyat yoldaşı ona çox pis davranır, o hələ də çənəsindən aldığı zərbədən özünə gəlməyə çalışır” demişdi.