Dialoq mümkün görünmür
ABŞ-ın və Qərbin silah yardımı Ukraynanı ürəkləndirib
Rəsmi Kiyev Rusiyanın ağır şərtlərini qəbul etməyəcək
“Hazırda Rusiya tam siyasi və iqtisadi təcrid vəziyyətindədir”. Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib. O, Ukraynaya qarşı iki aya yaxın müharibənin nəticələrindən sonra Rusiyanın dünyada mövqelərinin aşağı düşdüyünü bildirib. Podolyak qeyd edib ki, iki aylıq hərbi əməliyyatlarda Kreml xarici arenada məğlubiyyətə uğrayıb.
Ukraynada yeni “respublika”ya imkan verməyəcəyik
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib ki, Xerson vilayətinin ərazisində qondarma “xerson xalq respublikası” olmayacaq: “Biz bu gün Xerson vilayətində baş verənlərdən tam xəbərdarıq. Vəziyyət məlumdur, nə etmək istəyirlər, bilirik. Xerson vilayətinin ərazisində qondarma respublika olmayacaq. “Xxr” olmayacaq! Ukrayna olacaq! Müharibədən əvvəlki kimi hər şeyin ora qayıtması üçün sadəcə bir az vaxt lazımdır. Biz yaxın gələcəkdə ora mütləq qayıdacağıq. Mən buna əminəm”.
“Ukraynaya 600 milyard dollar lazımdır”
Ukraynanın Baş naziri Denis Şmıqal bildirib ki, müharibədən sonra Ukraynanın bərpası üçün ən azı 600 milyard dollar lazımdır: “Limanlar blokadaya alındı, fabriklərə hücumlar edildi, əkin pozuldu, şəhərlər dağıdıldı. Bütün bunlar Ukrayna iqtisadiyyatını məhv etmək planının tərkib hissəsidir. Artıq itkilər 500 milyard dollardan çoxdur. Ukraynaya ayaqda qalması üçün tərəfdaşların maliyyə dəstəyi lazımdır. Biz bu cür qısamüddətli yardımın həcmini növbəti altı ay üçün aylıq 4-5 milyard dollar həcmində qiymətləndiririk”.
“Rusiya buna ciddi yanaşmır!”
ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays deyib ki, Rusiya Ukrayna ilə bağlı diplomatik təşəbbüslərə ciddi yanaşmır. O bildirib ki, Kiyev uzun müddət ərzində Moskva ilə fikir ayrılıqlarının həlli üçün ciddi cəhdlər göstərib.
“Putin istəyini həyata keçirə bilmədi”
ABŞ Prezidenti Co Bayden tvitter hesabında yazıb ki, Vladimir Putin Ukraynanı işğal etməklə bağlı böyük planlarını həyata keçirə bilmədi: “Putin döyüş meydanında böyük ambisiyalarına nail ola bilmədi. Prezident Zelenski və onun demokratik yolla seçilmiş hökuməti hakimiyyətdə qaldı, Ukrayna Silahlı Qüvvələri də Rusiyanın öz ölkələrini işğal etməsinin qarşısını aldı”.
“Rus qazına embarqo qoya bilmərik”
Almaniya Rusiyadan qaz tədarükünə embarqo qoya bilməz. Almaniya kansleri Olaf Şolts deyib ki, Berlin dramatik iqtisadi böhrandan, milyonlarla iş yerinin və bir daha açıla bilməyən fabriklərin itirilməsindən qaçmaq istəyir: “Bunun ölkəmiz, bütün Avropa üçün ciddi nəticələri olacaq və Ukraynanın bərpasını maliyyələşdirmək imkanlarına böyük ziyan vuracaq”. Kansler qeyd edib ki, qaz embarqosu belə Rusiyanın Ukraynaya qarşı təcavüzünə son qoymayacaq.
“Putinə dedim ki, Pasxa bayramına qədər...”
Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı apardığını, onu Pravoslav Pasxa bayramı ərəfəsində Mariupol və Ukraynanın digər şəhərlərində humanitar dəhlizlər açmağa çağırdığını bildirib: “Vladimir Putinlə telefon danışığım oldu. Mariupol və digər mühasirəyə alınmış şəhərlərdə humanitar dəhlizlərin dərhal, xüsusən də Pravoslav Pasxa bayramı ərəfəsində yaradılmasına çağırış etdim”.
Conson: Rusiyada siyasi vəziyyət çox ağırdır
Böyük Britaniya Baş naziri Boris Conson deyib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsində gözlənilməz durum yaranıb: “Moskvanın qalib gələ biləcəyi istisna deyil. Amma Rusiyada siyasi vəziyyət çox ağırdır. Çünki Kreml Ukraynaya hücum etməklə ciddi səhvə yol verdi”.
“Ukrayna rəhbərliyinin Rusiya ilə danışıqlara getməsi gözlənilmir”
Politoloq Məhəmməd Əsədullazadə “Şərq”ə deyib ki, ABŞ-ın Ukraynaya hərbi yardımı və Avropa İttifaqının da analoji dəstəyi Rusiyanın geniş hücumlarının qarşısını alır:
“Rusiyanın Mariupolu işğal etməsi və Donbassla Krım arasında quru əlaqəni təmin etməsi Kremlin planının əsas tərkib hissəsi idi. Rusiya Cənub - Şərqi götürməklə Azov dənizinə Ukraynanın çıxışının qarşısını alır. Vladimir Putinin burada “Novorassiya” adında qondarma “republika” yaratması mümkündür. Bununla Rusiya Ukrayna ilə danışıqlara gedib, öz şərtlərini diktə edəcək. Amma Ukrayna rəhbərliyinin indiki şərtlər daxilində Rusiya ilə danışıqlara getməsi gözlənilmir. Ukraynaya silah və maliyyə yardımı Kiyevin Rusiyanı Xerson və Mariupoldan çıxarılması ilə nəticələnə bilər. Qarşıda ağır döyüşlər gözlənilir və Rusiyanın bu istiqamətdə məğlubiyyəti qaçılmazdı. Türkiyənin vasitəçilyi ilə başladılan danışıqların sonlanması Moskvanın işğalı davam etdirmək siyasətindən irəli gəlirdi. Rusiya Donbassla Krım arasında quru əlaqəni bərpa etməməklə, müharibəni dayandırması mümkün görünmürdü. Rusiya bu planı reallaşdırdı və danışıqlara qayıda bilər. Amma Ukrayna bununla razılaşmayacaq”.