Karib dənizində yerləşən və əvvəllər ABŞ-li maliyyəçi Ceffri Epşteynə məxsus olan Litl-Sent-Ceyms adasının yeni sahibi əraziyə gizlicə daxil olmağa çalışan çağırılmamış qonaqlarla mübarizə aparır.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Bildirilir ki, adaya girməyə cəhd edənlərin bəziləri Epşteynin hələ də sağ olduğuna inanır, digərləri isə "bədheybətlərlə vuruşmaq" niyyətindədir. Adanın yeni sahibi olan milyarder Stiven Dekoffun işçiləri "bəzən vəziyyəti öz əllərinə alırlar".
"Son ziyarətçilərdən birinin soyundurulduğu, əl və ayaqlarının bağlandığı iddia edilir. Görünür, digər bir şəxs isə polis əməkdaşlarının yanında skoçla bağlanaraq döyülüb", - deyə məlumatda qeyd olunur.
Xatırladaq ki, fevvralın 15-də ABŞ Ədliyyə Nazirliyi Epşteynin işi üzrə sənədlərin dərci prosesini yekunlaşdırıb. Baş prokuror istintaq materiallarında adları keçən 300 məşhurun adını açıqlayıb. Onların arasında Donald Tramp, Obama və Klinton ailələri, Bill Qeyts, İlon Mask, Kurt Kobeyn və Kim Kardaşyan da var. Ədliyyə Nazirliyi vurğulayır ki, siyahıda adın hallanması hər hansı bir ittiham və ya qanunsuz hərəkətin sübutu demək deyil.