Ersin Tatar dövrü bitdi: Erhürman Türkiyəni diktəedici deyil, tərəfdaş kimi görür

Dövlət Baxçalının “birləşmə” çağırışı radikal və hüquqa ziddir
Oktyabrın 19-da Türk dünyasında mühüm hadisə baş verdi. Şimali Kipr Türk Cümhuriyyətində keçirilən prezident seçkilərində Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman 62.80 faiz səslə qalib gəldi. Hazırkı Prezidentin sabiq rəhbər Ersin Tatardan fərqli olaraq Türkiyə ilə məsafəli olduğu, federasiyanın tərəfdarı kimi çıxış etdiyi deyilirdi. Lakin Tufan Erhürman seçkidə qələbəsini elan etdikdən sonra xarici siyasətdə Türkiyə ilə yaxından əlaqəli hərəkət edəcəyini bildirib. O qeyd edib ki, xüsusilə xarici siyasətə dair bütün məsuliyyətləri Türkiyə Cümhuriyyəti ilə sıx məsləhətləşmə çərçivəsində aparacaq. O, həmçinin, Türkiyə ilə münasibətlərin irəliləməsini bir missiya olaraq gördüyünü və bu əlaqələrin düzgün zəmində inkişaf edəcəyini vurğulayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və AKP-nin yüksək vəzifəli siyasətçiləri də Erhürmanı təbrik ediblər. Lakin Ərdoğanın müttəfiqi olan Milliyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı seçkilərin ləğv edilməsinə və regionun Türkiyə Cümhuriyyətinə birləşdirilməsinə çağırıb. 
Politoloq Turan Rzayev Sherg.az-a deyib ki, Ersin Tatarın Türkiyə, Azərbaycan və Türk dünyası ilə kifayət qədər yaxın əlaqələri var idi. Tatar, ŞKTC-nin Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi üzvlüyünü təmin etmiş, gələcəkdə ölkənin müstəqilliyin tanınması istiqamətində fəal işlər görmüşdü. Ekspertə görə, bu baxımdan yeni prezidentin kimliyi və hansı siyasi xətti izləyəcəyi haqlı suallar doğurur:
 "İlk növbədə qeyd etmək lazımdır ki, Tufan Erhürman intellektual, hüquqçu və daha çox diplomatik düşüncə tərzinə sahib bir liderdir. O, populist yanaşmalardan uzaq durur, sistemli və hüquqa əsaslanan mövqe tutur. Çıxışları və fəaliyyətləri göstərir ki, əsas məqsədi status-kvonu sarsıdan, lakin radikal olmayan dəyişikliklərə nail olmaqdır. Onun başlıca hədəfi Kipr türklərinin beynəlxalq təcriddən çıxarılmasıdır. Bu məqsədə isə federasiya modelinin canlandırılması ilə nail olmağı düşünür. Yəni Erhürman, ŞKTC-nin müstəqil dövlət kimi tanınmasını prioritet hesab etmir. Çünki bu istiqamətdə beynəlxalq dəstəyin kifayət qədər zəif olduğunu anlayır. Əvəzində, Kiprin siyasi birliyini qoruyaraq türklərin hüquq və təhlükəsizliyini təmin edən birgə yaşam modelini dəstəkləyir. Bu mövqe onu Ersin Tatardan fərqləndirən əsas nüansdır. Tatar açıq şəkildə “iki ayrı dövlət” modelini müdafiə edirdi. Onun fikrincə, federasiya artıq real deyil və adada faktiki olaraq iki xalq və iki dövlət mövcuddur. Tatar, bu reallığın beynəlxalq ictimaiyyət tərəfindən tanınmasını əsas hədəf sayırdı və siyasətində Türkiyə ilə tam sinxron şəkildə hərəkət edirdi".
Analitik hesab edir ki, Tufan Erhürmanın seçkilərdən dərhal sonra verdiyi bəyanat onun Türkiyə ilə əlaqələri davam etdirmək niyyətində olduğunu göstərir: 
"Lakin o, Ersin Tatardan fərqli olaraq Türkiyəni siyasi xəttin diktəedici mərkəzi deyil, strateji tərəfdaş kimi görmək niyyətindədir. Bu yanaşma onu nə Ankara əleyhdarı, nə də tam Türkiyəyönlü edir. O, Kipr türklərinin öz siyasi iradəsini sərbəst formalaşdırmasını önə çıxaran bir liderdir. Türkiyədə Erhürmanın seçilməsini bəyənməyənlər də var. Məsələn, Millətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı deyib ki, nəticə Kipr türklərinin iradəsini əks etdirmir. O, ŞKTC parlamentinin təcili toplanaraq seçki nəticələrini rədd etməsi və Türkiyə ilə birləşmə qərarının qəbulu təklifini irəli sürüb. Fikrimcə, bu açıqlama olduqca radikal və sərtdir. Əvvəla, seçkilərdə iştirak göstəricisi yüksək olub və Tufan Erhürman səslərin böyük əksəriyyətini qazanıb. Müşahidəçilərin rəyləri də prosesin şəffaf və demokratik şəraitdə keçdiyini təsdiqləyir. İkincisi, Dövlət Baxçalının təklif etdiyi kimi birləşmə addımı nə Türkiyə dövlətinin rəsmi mövqeyidir, nə də Kipr türklərinin əksəriyyətinin istəyidir. Əgər Türkiyənin belə bir niyyəti olsaydı, bunu çoxdan həyata keçirməyə çalışardı. Ankara anlayır ki, bu, beynəlxalq hüquqa zidd olar və açıq şəkildə “işğal” kimi qiymətləndirilə bilər.
Kipr türklərinin əhəmiyyətli bir qismi nə Türkiyəyə birləşmək, nə də müstəqil qalmaq istəyir. Onlar Kiprin siyasi birliyini qoruyan, federasiya əsasında qurulan və öz hüquqlarının təmin edildiyi birgə yaşama modelini dəstəkləyirlər. Bu baxımdan Erhürmanın seçilməsi, əslində, Kipr türklərinin gələcəyi necə təsəvvür etdiklərini açıq şəkildə göstərir. Əslində, adanın birləşməsi Türkiyənin buradakı mövqeyini itirməsi mənasına gəlmir. Kiprin 1960-cı ildə, müstəqil respublika kimi yaradıldığı ilk dövrlərdə Türkiyə ilə münasibətləri pis deyildi. 1963-cü ilin sonlarına qədər Türkiyə ilə formal olaraq müttəfiq və zəmanətçi çərçivəsində əlaqələr qurulmuşdu. Çünki konstitusiyaya görə, dövlət iki icmanın ortaqlığına əsaslanırdı. Lakin yunan tərəfi bu modeli qəbul etmədi və “Enosis” ideyasını, yəni Kiprin Yunanıstana birləşməsinə çalışdı. Nəticədə 1974-cü ildə hərbi müdaxilə baş verdi. Tarixi təcrübələr göstərir ki, nə Türkiyə, nə də Kipr türkləri adanın bölünməsini arzulayıb. Problem əsasən Yunanıstanın və Kiprdəki radikal yunan millətçilərinin təşviq etdiyi “Enosis” ideyası ilə bağlı olub. Bu gün isə vəziyyət dəyişib. Həm adadakı yunanlar, həm də türklər yeni reallıqları dərk edirlər".