Son dövrlərdə Ermənistan Fransa, Çin və Hindistanla hərbi əməkdaşlığını gücləndirməklə diqqət mərkəzinə düşüb. Ötən ay Ermənistanın müdafiə naziri Suren Papikyan ilə Fransanın Silahlı Qüvvələr üzrə səlahiyyətli naziri Alis Rufo görüşərkən hərbi sahədə əməkdaşlığın dərinləşdirilməsindən bəhs ediblər. Sosial mediada mayın 28-də İrəvanda keçirilməsi planlaşdırılan hərbi paradda nümayiş olunacaq silahların görüntüləri yayılıb. Həmin videolarda, Fransanın CAESAR özüyeriyən artilleriya qurğuları və Çin istehsalı olan zərbə tipli CH-4 “Rainbow” pilotsuz uçuş aparatları nəzərə çarpıb. Sərgilənən silah-sursatın hücum xarakteri daşıması və onların çəkilib, paylaşılmasının Müdafiə Nazirliyi tərəfindən qadağan edilməsi, Azərbaycanla sülh prosesinə kölgə salıb. Bəs, ötən il Bakı ilə gözlənilən sülh sazişi fonunda hərbi büdcəni artırmağı planlaşdırmadığını bildirən Paşinyanın, mövqeyini dəyişməsinə səbəb nə oldu?!
Mövzu ilə bağlı AĞ Partiyanın sədri Tural Abbaslı Sherg.az-a bildirib ki, ermənilərin danışıqlardakı səmimiyyətinə inanmır:
“Biz hər zaman Azərbaycanın daha sərt tələblə sülh sazişi imzalamağının tərəfdarıyıq. Hazırki tələblər, Ermənistana sərf edir. Paşinyan hökuməti sülh prosesindən istifadə edərək dağılmış ordu və iqtisadiyyatı bərpa etmək, beynəlxalq əlaqələri gücləndirmək, yeni müttəfiqlər taparaq Ermənistanı ayağa qaldırmaq məqsədilə vaxt qazanmağa çalışır. Əminəm ki, onlar hərbi güclərini bərpa etdikdən sonra yenidən Azərbaycana qarşı ərazi iddialarına başlayacaqlar. Xatırlayırsınızsa, Qarabağ işğal altında olarkən, Ermənistanın müdafiə naziri David Tonoyan “Yeni ərazilər uğrunda yeni müharibə” tezisi ilə gündəmə gəlmişdi”.
Partiya sədrinin sözlərinə görə, Paşinyanın göstərişi əsasında, qondarma rejimin dırnaqarası parlamentinin Şuşaya köçürəcəyi elan edildi:
“Şuşada yallı gedən, Qarabağın Ermənistana aid olduğunu da söyləyən həmin Paşinyandır. Paşinyanın məcburiyyətdən formalaşdırdığı “sülh göyərçini” obrazına aldanmaq düzgün deyil. TRIPP layihəsi razılaşdırıldıqdan sonra ABŞ və Avropa tərəfindən Ermənistana 12-13 milyard dollar məbləğində investisiya yatırılıb. Ermənistanın Hindistan, Fransa ilə həyata keçirdiyi silah tədarükü, məğlubiyyətə baxmayaraq dron istehsalı və hərbi parad keçirməsi onların məkrli niyyətlərini açıqlayır. Ermənistan aldığı yardımlar hesabına Azərbaycanın iqtisadi, hərbi imkanlarına çatmaq istəyir”.
T.Abbaslının fikrincə, Azərbaycan 3 şərt daxilində Ermənistanla sülh müqaviləsi imzalamalıdır:
“Onlar ilk növbədə həm torpaqlarımıza vurduqları ziyana, həm də müharibə zamanı sərf olunan hərbi resurslara görə Azərbaycana kompensasiya ödəməlidir. İkinci şərt isə Ermənistanın yeni hücum dalğasına hazırlaşmaması üçün silahlanmanın məhdudlaşdırılması ilə bağlı öhdəlikdir. Çünki işğalçı ordunun, silahlanması birbaşa qonşu ölkələr üçün təhdid yaradır. Məsələn, Almaniya və Yaponiyan İkinci Dünya müharibəsinin səbəbkarları olduqlarına görə hələ də hücum silahları əldə etmək hüququna malik deyillər. Üçüncü şərt isə Ermənistanın Azərbaycanın tarixi torpaqlarını, o cümlədən Zəngəzuru geri qaytarmaqla bağlı danışıqlara hazır olmasıdır”.
Siyasətçi bildirib ki, bu üç şərt yerinə yetirilmədən sülh danışıqlarına getmək Azərbaycanın maraqlarına uyğun deyil:
“Çünki Azərbaycan qalib ölkədir. Dünyada qalib gələn ölkənin məğlub tərəflə bərabər statusda masa arxasında əyləşib, şərtsiz güzəştlər etdiyinə dair nümunələr yoxdur. Xatırlayırsınızsa, 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanata əsasən, Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını mərhələli şəkildə Azərbaycana qaytarmağı öhdəsinə götürdü. Amma heç birini icra etmədi. Azərbaycan 3000 şəhid hesabına torpaqlarımızı işğaldan azad etdi. Əgər onlar üçtərəfli bəyanata əməl etsəydilər, bu qədər şəhid verməyəcəkdik. Ermənilər atdıqları heç bir imzaya əməl eləməyiblər. Məhz buna görə onlara yenidən inana bilmərəm. Ermənistanın imzalanacaq sülh müqaviləsinin şərtlərinə də əməl etməyəcəyinə əminik”.