Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY

  • Fikrət Sadıqov: “ABŞ Rusiya-Ukrayna müharibəsində daha fəal mövqe tutmalıdır”

Ukraynanın Moskva və ətrafına son zərbələri fonunda Rusiya üçün vəziyyət gərginləşib.Rusiya rəsmilərinin məlumatına görə, sentyabrın 19-dan etibarən ölkənin müxtəlif ərazilərində 1600-dən çox dronun qarşısı alınıb, onların təxminən 450-si Moskva istiqamətində olub. Moskva meri Sergey Sobyanin hücumu paytaxta qarşı indiyədək ən böyük dron hücumu kimi qiymətləndirib.

Buna baxmayaraq, bəzi pilotsuz uçuş aparatları şəhərə və ətraf ərazilərə çatıb. Pilotsuz uçuş aparatları müdafiə xəttini pozaraq Moskvanın benzin və dizel yanacağına olan ehtiyacının 40%-ni təmin edən “Qazprom”a məxsus “Kapotnya” neft emalı zavoduna zərbə endirib. Neft emalı zavodunu hədəf alan dronların qalığının "Sadovad" ticarət mərkəzinə düşdüyü bildirilib. Hücum həmçinin Moskva bölgəsində hərbi sənaye obyektləri olan Orehovo-Zueyo şəhəri yaxınlığındakı istilik elektrik stansiyasını da hədəfə alıb. Rusiya ciddi siyasi, diplomatik və hərbi problemlərlə üzləşib. Dünya mediası Ukraynanın son hücumunu “Moskva od içində” başlıqları ilə təqdim edib. 

Politoloq Fikrət Sadıqov Sherg.az-a açıqlamasında hazırda Rusiya və Ukrayna arasında mövqelərin kifayət qədər sərt olduğunu deyib. Onun sözlərinə görə, Rusiya özünü böyük dövlət hesab edir və Ukraynaya qarşı hərbi üstünlüyünü ortaya qoymağa çalışır:

“Ukrayna isə baş verənləri özünümüdafiə kimi qiymətləndirir və Avropa ölkələrinin, müəyyən dərəcədə isə ABŞ-ın dəstəyinə arxalanaraq müqaviməti davam etdirmək niyyətindədir. Müharibənin getdikcə daha da gərginləşməsi və onun sonunun hələ görünməməsi narahatlıq doğurur”. 

 Belə bir şəraitdə vasitəçilərin, xüsusilə də ABŞ-ın rolunun daha da aktuallaşdığını vurğulayan F.Sadıqov hesab edir ki, Vaşinqton münaqişənin həlli istiqamətində daha fəal mövqe nümayiş etdirməlidir:

“Düşünürəm ki, burada ABŞ-ın rolu böyük olmalıdır. Tramp da buna çalışdı, amma hələlik nəticə əldə olunmayıb. Hazırda onun diqqəti başqa məsələlərə yönəlsə də, noyabrın 3-də Konqresə keçiriləcək seçkilərdən sonra çox güman ki, yeni təkliflərlə çıxış edə bilər. Bu təkliflərin nədən ibarət olacağı hələ məlum deyil. Mətbuata müəyyən məlumatlar sızsa da, onların mahiyyəti tam aydın deyil. Eyni zamanda, tərəflərin bu təklifləri qəbul edib-etməyəcəyi də açıq sual olaraq qalır.”