Merzin partiyasının məğlubiyyətinin səbəbi açıqlanıb: Məsələ kanslerin özündədir

  • Politoloq Sokolov: Almaniyadakı vəziyyət Merzi istefaya getməyə məcbur edə bilər

Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MQİMO) Beynəlxalq Araşdırmalar İnstitutunun baş elmi əməkdaşı Artyom Sokolov RTVI-yə bildirib ki, Saksoniya-Anhalt, Meklenburq-Ön Pomeraniya və Berlində keçirilən seçkilər Almaniyanın siyasi mərkəzinin zəiflədiyini, siyasi cinahların isə gücləndiyini göstərib. Onun sözlərinə görə, əvvəllər əsasən Almaniya Sosial Demokrat Partiyasının (SPD) mövqeləri zəifləyirdisə, indi eyni vəziyyət Xristian Demokrat İttifaqının (XDİ) da başına gəlib.

Sokolov Meklenburq-Ön Pomeraniyada xristian demokratların uğursuzluğunu simvolik hadisə adlandırıb. XDİ burada ilk dəfə landtaqa düşə bilməyib. Ekspert bunu kansler Fridrix Merzin siyasi mövqeyi ilə əlaqələndirir. Onun sözlərinə görə, Merzin aşağı reytinqləri və siyasətindən narazılıq bütün partiyaya ciddi təsir göstərib. Bu fonda seçicilərin bir hissəsi “Almaniya üçün Alternativ” (AfD) partiyasına yönəlir.

“Vəziyyət sanki Merzi istefaya getməyə məcbur edir”,-politoloq bildirib.

Sokolovun fikrincə, Almaniya artıq çoxpartiyalı sistemə çevrilir və burada vahid siyasi mərkəz əvvəlki gücünü itirib. Daha əvvəl bu rolu “xalq partiyaları” – XDİ/XSS bloku və SPD oynayırdı. İndi isə Meklenburq-Ön Pomeraniyada sosial-demokratların ikinci nəticə göstərməsi belə ümumi mənzərəni dəyişmir.

Seçkilər sentyabrın 20-də keçirilib. Merzin rəhbərlik etdiyi partiya ciddi məğlubiyyətə uğrayıb, AfD isə getdikcə daha çox mandat əldə edir.