Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir

Yaxın Şərqdə artan gərginlik fonunda tərəflər yalnız hərbi meydanda deyil, informasiya və psixoloji müharibə sahəsində də üstünlük qazanmağa çalışırlar. Xüsusilə İranın son açıqlamaları və bölgədə nümayiş etdirdiyi hərbi addımlar diqqət çəkir. 

Belə ki, SEPAH-ın Hərbi Dəniz Qüvvələri komandanının müavini Məhəmməd Əkbərzadə müharibənin başlama ehtimalının az olduğunu söyləyib. M.Əkbərzadə müharibənin yenidən başlama ehtimalının aşağı olmasına səbəb kimi “düşmənin zəifliyi” göstərib. 

Siyasi araşdırmaçı və yazar Burak Aydın Sherg.az-a bildirib ki, bu açıqlama müharibənin psixoloji tərəfinin ilk addımına dair mesajdır:

"Müharibə meydanlarda və masada aparıldığı kimi, eyni zamanda ağılda da aparılır. Bu açıqlama da müharibənin psixoloji hissəsinə dair bir açıqlamadır. Çünki İnqilab Keşikçiləri açıqlama ilə demək istəyirlər ki, biz asan tikə deyilik, bizi elə asanlıqla uda bilməzsiniz. Bunu ilk növbədə insanların zehinlərində oturtmağa çalışırlar. İnqilab Keşikçiləri ordusu hazırda onsuz da zəif bir ordu deyil. Bu bir reallıqdır. Amma belə bir vəziyyət də var ki, burada Hərbi Dəniz Qüvvələri Komandanının müavininin dediyi qədər zəif bir düşmən də yoxdur. O, mübaliğə ilə düşünür". 

Analitik qeyd edib ki, SEPAH bir az şişirdərək özlərinin nə qədər güclü olduqlarını əvvəlcə İran xalqına, daha sonra isə ətraf xalqlara çatdırmaq istəyir: 

"Müharibənin ilk dövrlərində də Dubayı və digər yerləri vuraraq da bunu deməyə çalışdılar. Biz Yaxın Şərqdə onlara kömək edən, onlara dəstək verən digər gücləri də məğlub edə biləcək gücə sahibik deyərək, o vaxt da özlərinin nə qədər güclü olduqlarını göstərmək istəyirdilər. İndi də bunu davam etdirirlər. Psixoloji müharibə hissəsinə də artıq əvvəlkindən daha böyük önəm verirlər".