Türkiyənin xarici işlər naziri Hakan Fidan Almaniya xarici işlər naziri Yohann Vadepfull ilə birgə keçirdiyi mətbuat konfransında qlobal və regional gündəmlə bağlı mühüm açıqlamalar verib.
Sherg.az xəbər verir ki, Hakan Fidan Avropa İttifaqı ilə münasibətləri dəyərləndirərək deyib:
“Türkiyənin Aİ-yə üzvlük prosesində kriteriya əsaslı qiymətləndirmədə heç bir problemi yoxdur, ola da bilməz. Burada əsas məsələ prosesin irəliləməməsi, fəsillərin açılmamasıdır. Bu istiqamətdə lazım olan danışıqları apardıq. Aİ-nin fəsilləri yenidən açması və Türkiyənin namizəd ölkə statusunu normal müstəvidə davam etdirməsi gözləntimiz olaraq qalır.”
Fidan regional təhlükəsizlik məsələlərinə toxunaraq bildirib:
“Ukraynadakı savaşın dayanması, Qəzzadakı sülh planının həyata keçməsi və Suriyadakı sabitlik bizim üçün çox önəmlidir. Artıq yenidən dağıntıya, soyqırıma qayıtmaq olmaz. Yetəri qədər böyük bir dağıntı və qətliam yaşanıb. Hamımız birlikdə daha intensiv çalışmalıyıq. Humanitar yardımların dərhal bölgəyə daxil olması vacibdir, əks halda yenidən zorakılıq spiralına qayıtma riski var.”
Rusiya-Ukrayna müharibəsinə dair danışan Fidan bildirib:
“Ukrayna prosesində momentum itirilməməlidir. Türkiyə İstanbul danışıqlarına yenidən ev sahibliyi etməyə hazırdır. Tərəflər arasında birbaşa danışıqları dəstəkləyirik. Bu məsələni danışıqlar masasında tutmaq lazımdır, masadan qaçmaq olmaz.”