Tehranın qərarı dünya iqtisadiyyatına ciddi zərbə vuracaq
Yaxın Şərqdə enerji marşrutlarının taleyi yenidən qlobal güclərin rəqabət meydanına çevrilir. İran parlamentinin Hörmüz boğazı üzərindən keçən gəmilər üçün rüsum tətbiqi planını təsdiqləməsi, üstəlik bəzi ölkələrlə əlaqəli gəmilərə məhdudiyyət nəzərdə tutması bölgədə gərginliyi artırıb. Buna cavab olaraq ABŞ prezidenti Donald Trump administrasiyası boğazın beynəlxalq konsorsiumun nəzarətinə verilməsi ideyasını gündəmə gətirib. Hətta Marco Rubio bu təşəbbüsü G7 xarici işlər nazirlərinin görüşündə təqdim edərək gəmiçiliyin rüsumsuz qalmasının vacibliyini vurğulayıb. Alternativ olaraq Pakistan, Misir, Türkiyə və Səudiyyə Ərəbistanı kimi ölkələri əhatə edən modelin müzakirəsi isə qlobal ticarət yolları ətrafında yeni geopolitik mübarizənin formalaşdığını göstərir.
Mövzu ilə bağlı “Sherg.az”a danışan politoloq Oqtay Qasımov deyib ki, İran parlamentin Hörmüz boğazında gəmiçiliyə rüsum tətbiq etməsi bölgədə vəziyyəti sabitləşdirmək məqsədinə deyil, əksinə gərginləşdirməyə xidmət edir:
“Əsrlər boyu burada rüsumsuz keçid mövcud olub və buradan keçən gəmilər heç bir ölkəyə ödəniş etməyiblər. Çünki bu ərazi beynəlxalq sular sayılır və İranın bu qərarı onsuz da münaqişə nəticəsində bölgədə yaranmış gərginliyi daha da artırır.ABŞ-nin təşəbbüsü ilə bu keçidin beynəlxalq konsorsiuma verilməsi və Körfəzdən keçidə həmin konsorsiumun nəzarət etməsi ideyası daha məntiqli görünür. Marko Rubionun keçidlərin rüsumsuz olmalı olduğu fikri də əslində daha doğru yanaşmadır. Çünki bu bölgədə istehsal olunan enerji resursları və digər məhsulların dünya bazarına rüsumsuz çıxarılması qiymət artımının qarşısını ala bilər. Rüsum tətbiq olunduğu halda, xüsusilə seçmə üsulu ilə bu rejim həyata keçirilərsə, bu o deməkdir ki, İran istədiyi ölkənin gəmilərinə keçid verəcək, istəmədiyinə verməyəcək və fərqli ödənişlər tələb edəcək. Bu isə qlobal enerji bazarına və iqtisadiyyata mənfi təsir göstərəcək. Bu baxımdan ən optimal variant boğazın rüsumsuz keçid rejimində fəaliyyət göstərməsi və ya beynəlxalq konsorsiumun nəzarətinə verilməsi olardı. Xüsusi rüsum tətbiqi məntiqli deyil və bu, digər ölkələrin hüquqlarına müdaxilə kimi qiymətləndirilə bilər”.
Alternativ marşrutlara gəldikdə, analitik qeyd edib ki, Səudiyyə Ərəbistanı müəyyən qədər alternativ rol oynaya biləcək layihə həyata keçirmişdi:
“Belə ki, öz neft resurslarını 1200 km.-lik boru kəməri ilə Yanbu limanına çıxarır və oradan daşınmanı təşkil edir. Hazırda bu layihənin əhəmiyyəti daha da artıb və həmin boru kəməri vasitəsilə enerji resursları dünya bazarına çıxarılır. Digər alternativ marşrut ideyalarından biri də İsrail tərəfindən irəli sürülüb. İsrailin baş naziri Körfəz ölkələrindən İsrail limanlarına qədər boru kəməri çəkilməsi və bu kəmər vasitəsilə enerji resurslarının dünya bazarına çıxarılması təklifini səsləndirib. Əslində münaqişənin səbəblərindən biri kimi alternativ enerji marşrutlarının formalaşdırılması niyyətləri də göstərilir”.