Kreml Brüssel prosesini dəstəkləmədi
Rusiya Qarabağda problemlər yaratmaqda maraqlıdır
Moskvada Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı danışıqlar yekunlaşıb. Kremlin mətbuat xidmətindən yayımlanan xəbərdə deyilir ki, tərəflər Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın yaradılması prosesini sürətləndirmək barədə razılığa gəliblər. Azərbaycan, Ermənistan və Rusiya liderlərinin müntəzəm görüşləri çərçivəsində konstruktiv işin davam etdirilməsinin və üç liderin noyabrın 10-da imzaladığı razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsinin tərəfdarı olduqları bildirilib.
Tərəflər Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə Cənubi Qafqazda bütün iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının qarşısının alınması üzrə Üçtərəfli İşçi Qrupun fəaliyyətini aktivləşdirmək də qərara alınıb.
Görüşü şərh edən “Atlas”Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, il yarımdır Kreml eyni məzmunlu xəbərlər yayımlayır, ancaq ortada ciddi nəticə yoxdur. Politoloqun sözlərinə görə, Kremlin vasitəçiliyi ilə nə sərhədlərin müəyyənləşməsiylə bağlı danışıqlar intensivləşib. Nə də 3 ölkənin baş nazirlərinin müavinləri xətlərin açılması istiqamətində irəliləyiş əldə ediblər:
“Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvaya səfər etmədən bir gün əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peksov Paşinyanın Kremldə keçirəcəyi görüşün hazırkı beynəlxalq vəziyyətdə xüsusi əhəmiyyət kəsb edəcəyini bildirmişdi. Buna görə də Ermənistan müxalifəti və Qarabağ separatçıları Nikol Paşinyanın Moskvada Ermənistan üçün məqbul olmayan hansısa sənədə imza atacağından narahat idilər. Ermənistandakı “Qarabağ klanı” ilə Qarabağdakı separatçıların Rusiya ilə sıx əlaqələri var. Buna baxmayaraq, onlar Ukraynada ağır müharibənin fonunda hesab edə bilərdilər ki, Kreml eyni ilə Brüssel kimi Nikol Paşinyanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur edə bilər. Müxtəlif istiqamətlərdən Paşinyana qarşı təzyiqlər başlamışdı. Paşinyan Rusiyaya səfər etmədən bir gün əvvəl Qarabağ separatçılarının “başçısı” Araik Arutyunyan və separatçıların “təhlükəsizlik şurasının sədri” Vitali Balasanyan İrəvana gedərək baş nazirlə görüşdülər.
Rusiya və Ermənistan saytlarının məlumatına görə, Araik Arutyunyan Paşinyandan tələb etdi ki, Ermənistanın baş naziri “Qarabağın müstəqillik” mövqeyindən geri çəkilməsin. Brüsselin Paşinyana mesajı aydındır: “Azərbaycanın ərazi bütövlüyünü tanımalısan, Qarabağla bağlı “status” tələbindən əl çəkməlisən”. Moskva da Paşinyana eynisini desəydi, məsələni bitmiş hesab etmək olardı. Ancaq Kreml Brüsselin dediyini təkrarlamadı. Paşinyan Moskvaya getməyə hazırlaşdığı saatlarda ona Avropa İttifaqının rəhbəri Şarl Mişeldən zəng gəldi. Bu telefon zəngi Kremli narahat etdi”.
E.Şahinoğlu vurğulayıb ki, Rusiya hakimiyyətinə yaxın siyasi ekspertlər Şarl Mişelin Moskva səfəri öncəsi Paşinyana telefon zəngini Brüsselin Rusiya əleyhinə addımı kimi dəyərləndiriblər: “Vladimir Putin Kremldə Nikol Paşinyanla görüşün mətbuata açıq hissəsində dedi ki, Qarabağda hələ çox problem var. Bununla Kreml sahibi bölgədəki vəziyyətdən detallarına qədər xəbərdar olduğunu nümayiş etdirib. Bəli, Qarabağda problemlər var və bu problemi yaradanlar Rusiya hərbçiləriylə erməni separatçılarının birgə fəaliyyətidir. Vladimir Putinin bu açıqlamasından aydın oldu ki, Rusiya postlarının və Qarabağda Rusiya bayraqlarının sayının artırılması təlimatını elə Kreml sahibi verib. Putin daha sonra dedi ki, Paşinyanla Qarabağın təhlükəsizliyi məsələsini müzakirə edəcək. Kreml sahibi bu cümləsiylə Qarabağın Ermənistana dəxli olmadığı reallığını qəbul etmək istəmir.
Rusiya Prezidenti Azərbaycana aid Qarabağ mövzusunu Ermənistanın baş naziri ilə müzakirə edirsə, burda xoş niyyət yoxdur. Nikol Paşinyanın və daha əvvəl Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyanın qısa müddət ərzində Moskvaya çağrılmasının tək səbəbi var. Kreml Avropa İttifaqının vasitəçiliyini əngəlləmək istəyir. Brüssel Kremlin planlarından xəbərdardır və bilir ki, Moskva İrəvana təzyiq etməklə gedişatı poza bilər. Ona görə Avropa İttifaqının rəhbəri Şarl Mişel Paşinyana Moskvaya yollanmadan əvvəl zəng edib və izah edib ki, o Kremlin Brüsselin planlarını pozmağa imkan verməsin. Şarl Mişel Cənubi Qafqaz üzrə nümayəndəsi Toivo Klaarı Bakıya göndərdi.
Paşinyan Moskvada ikən Prezident İlham Əliyev Toivo Klaarla görüşdü və ona bildirdi ki, rəsmi Bakı Brüsselin faydalı vasitəçiliyinə önəm verir. Əslində Paşinyan da Brüsselin vasitəçiliyindən faydalanmaq istəyir, sadəcə ona Kreml və Rusiyanın Ermənistandakı vassalları mane olur”.