Lukaşenko: Zamanı gələndə yerimə layiqli və normal bir insan keçəcək

Belarusda gələcəkdə dövlətə rəhbərlik edə biləcək çoxlu yaxşı və bacarıqlı insanlar var.

Teleqraf xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko RT telekanalına verdiyi müsahibədə bildirib.

Prezident vurğulayıb ki, ölkəni kimin idarə edəcəyi məsələsinə yalnız Belarus xalqı qərar verəcək:

"Xalq necə qərar versə, elə də olacaq. İlk dəfə seçildiyim vaxtı yaxşı xatırlayıram. Bu, Belarus xalqının qərarı idi və mən o zaman səslərin 80,3%-ni qazanmışdım. Xalq mənim arxamda dağ kimi dayanmışdı. Səs faizləri çox yüksək idi. Mən həmin günləri unutmuram və bu yolla da davam edəcəyəm".

Lukaşenko hakimiyyətdən getməsi və gələcək perspektivlər barədə də danışıb:

"Bizdə bir söz var: xalq istəmirsə, zorla özünü sevdirə bilməzsən. Hesab edirəm ki, mən dünyamı dəyişməmişdən çox-çox əvvəl burada normal bir insan çalışacaq. Bizdə gələcəkdə dövlətə başçılıq edə biləcək çoxlu yaxşı, savadlı və bacarıqlı insanlar var".