Netanyahu ordunun Livanda əməliyyatları genişləndirməsini əmr edib

İsrailin Baş naziri Benyamin Netanyahu ordunun Livandakı əməliyyat zonasını genişləndirməsi barədə göstəriş verib.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Netanyahu bildirib ki, məqsəd İranın dəstəklədiyi "Hizbullah" hərəkatının nəzarətində olmuş ərazilər üzərində İsrailin mövqelərini daha da gücləndirməkdir.

Məlumata görə, İsrail ordusu Livanın cənubunda yerləşən və strateji əhəmiyyət daşıyan 900 illik Bofor qalasını, həmçinin ətraf yüksəklikləri nəzarətə götürüb. Bu ərazi İsrail qoşunlarının 2000-ci ildə Livandan çıxmasından sonra ilk dəfə yenidən onların nəzarətinə keçib.

İsrailin müdafiə naziri İsrael Kats Bofor qalasının ölkənin Livanın cənubunda yaratdığı təhlükəsizlik zonasının bir hissəsi kimi saxlanılacağını bildirib.

"Əməliyyat hələ başa çatmayıb. Hamımız Hizbullahın gücünü məhv etməkdə qərarlıyıq", - deyə o vurğulayıb.

"Reuters" yazır ki, İsrail ordusu hazırda Litani çayına qədər olan ərazilərə nəzarət edir və qoşunlar Zaharani çayı istiqamətində, təxminən 10 kilometr daha şimala doğru irəliləyirlər.

Livanın dövlət qurumlarının məlumatına əsasən, martın 2-dən bəri davam edən qarşıdurmalar nəticəsində ölkədə 3 370-dən çox insan həlak olub. İsrail tərəfi isə bu müddətdə 24 hərbçi və 4 mülki şəxsin öldüyünü açıqlayıb. Münaqişə nəticəsində həm Livanda, həm də İsrailin şimalında yüz minlərlə insan yaşayış yerlərini tərk etmək məcburiyyətində qalıb.

Qeyd olunur ki, ABŞ-nin vasitəçiliyi ilə İsrail və Livan arasında əldə edilmiş atəşkəs mayın 15-də daha 45 gün müddətinə uzadılsa da, tərəflər arasında qarşılıqlı hücumlar davam edir.