Avstraliyada ekstrem sağçı, müsəlman və miqrant əleyhinə “One Nation” Partiyasının lideri, senator Pauline Hanson hicabın qadağan edilməsi üçün qanun layihəsi təqdim etməyə cəhd göstərməsinin qarşısı alındıqdan sonra parlamentdə hicab geyərək etiraz edib. Bu hadisə İslamofobiya səbəbi ilə kəskin reaksiyalara səbəb olub.
Sherg.az Avstraliya mətbuatına istinadən xəbər verir ki, senator Hanson hicabın və üzün tamamilə örtülən geyimlərin qadağan edilməsi üçün qanun layihəsi təqdim etməyə icazə verilmədikdən sonra “etiraz məqsədilə” hicab geyinib.
Oturumdan uzaqlaşdırılmasına baxmayaraq, Hanson salonu tərk etməkdən imtina edincə, Senatın sədri Sue Lines oturumu təxminən 2 saatlıq fasiləyə salıb.
Avstraliyada hökumətin müsəlman əleyhinə davranışlarla mübarizə aparmaq üçün təyin etdiyi xüsusi nümayəndə Aftab Malik bildirib ki, müsəlman qadınlara qarşı mövqeyi ilə tanınan Hansonın hicab geyməsi narahatlıq doğurur.
Malik hicabın qadağan edilməsi kimi addımların ölkədə baş örtüsü taxan müsəlman qadınlar üçün təhlükəsizlik risklərini artıra biləcəyini vurğulayıb.
O, həmçinin qeyd edib ki, Avstraliyada müsəlman əleyhinə mövqeyin rekord səviyyəyə çatması və xüsusilə müsəlman qadınların çətinliklərlə üzləşməsi narahatedicidir. “Avstraliyalı müsəlman qadınların geyim seçimlərinin milli təhlükəsizliklə əlaqələndirilməsini görmək çox üzücüdür,” – deyə Malik əlavə edib.
Avstraliya Xarici İşlər Naziri və İşçi Partiyası senatoru Penny Vong bildirib ki, Senat hörmət edilməlidir və Hansonın hərəkəti parlament və siyasətçilərə “yaraşmaz”.
Pakistan əsilli müsəlman senator Mehreen Faruqi isə Hansonun 2017-ci ildə də Senatda hicab geydiyini xatırladaraq qeyd edib: “One Nation partiyası irqçi və müsəlman əleyhinə siyasətini yenidən ortaya qoydu və bir daha hicab qadağasına diqqət yönəltdi. Hökumətin bir qadının nə geyinəcəyinə qərar verməsi heç zaman müzakirəyə açıq olmamalıdır. Parlament bunu birbaşa rədd etməlidir.”
Avstraliyanın ilk başörtülü senatoru Fatima Payman da Hansonun “iman və Avstraliyadakı müsəlmanlara hörmətsizlik etdiyini” bildirib.
Senator Hanson 2017-ci ildə də ictimai yerlərdə hicabın qadağan olunması üçün Senata təklif verib və bunu gündəmə gətirmək üçün hicab geyərək oturuma qatılmışdı.