ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) müfəttişinin hesabatında ABŞ-İsrail ilə İran arasındakı müharibənin ölkədə sursat çatışmazlığına və təchizat zəncirində “darboğaz” yaranmasına səbəb olduğu bildirilib.
Sherg.az xəbər verir ki, "NBC News"-un məlumatına görə, “Epik Qəzəb əməliyyatı” (“Operation Epic Fury”) ilə bağlı yayımlanan hesabatda mövcud məhdudiyyətlərin aradan qaldırılması üçün təchizat proseslərinin sürətləndirilməsi və kritik materialların ehtiyatlarının artırılması istiqamətində işlərin davam etdiyi qeyd olunub.
Hesabatda müharibənin iyul ayına olan ümumi xərclərinin 33,4 milyard dollar təşkil etdiyi bildirilib. Bu məbləğin 22,3 milyard dolları sərf olunan sursata, 3,7 milyard dolları hərbi texnika itkilərinə, 7,4 milyard dolları isə digər xərclərə aiddir. İnfrastrukturun bərpası xərcləri bu hesablamaya daxil edilməyib.
Hesabatda həmçinin ABŞ Dövlət Departamentinin İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində ümumilikdə 208 milyon dollardan çox zərər gördüyü bildirilib.
Məlumata görə, zərərin 184 milyon dolları diplomatik obyektlərə dəyən ziyan, 25 milyon dolları isə tikinti layihələrində yaranan gecikmələrlə bağlı olub.
Hesabatda İranın Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin əsas logistika bazasına pilotsuz uçuş aparatları və ballistik raketlərlə zərbə endirməsi də ilk dəfə rəsmi şəkildə təsdiqlənib.
Sənəddə 30-dan çox böyük PUA-nın məhv edildiyi, həmçinin dörd F-15E, bir F-35A və bir A-10 Warthog döyüş təyyarəsinin ciddi zədələndiyi və ya məhv edildiyi qeyd olunub.
Bundan başqa, 12 KC-135 yanacaqdoldurma təyyarəsi və daha 9 hava vasitəsinin məhv edildiyi bildirilib.