İtaliyada sağçı koalisiya hökuməti tərəfindən hazırlanan və qadın qətllərinə görə ömürlük həbs kimi ağır cəzalar nəzərdə tutan qanun layihəsi parlamentin aşağı palatası olan Deputatlar Palatasında yekdilliklə qəbul edilərək qanunilaşıb.
Sherg.az xəbər verir ki, Baş nazir Corcia Meloni rəhbərliyindəki hökumətin 8 Mart Beynəlxalq Qadınlar Günü öncəsi ictimaiyyətə təqdim etdiyi, qadın qətlini ayrıca cinayət kimi tənzimləyən və qadınlara qarşı zorakı davranışlara ağır cəzalar tətbiq edən qanun layihəsinin parlamentdəki təsdiq prosesi 25 noyabr – Qadınlara Qarşı Zorakılığa Son Beynəlxalq Mübarizə Günündə tamamlanıb.
Qanun layihəsi yay ayında parlamentin yuxarı palatası – Senatda səsə qoyularaq qəbul edilmiş və son təsdiq üçün Deputatlar Palatasına göndərilmişdi. Layihə iqtidar və müxalifətdən olan 237 deputatın verdiyi "bəli" səsi ilə yekdilliklə qəbul edilib.
Yeni qanunla İtaliya Cinayət Məcəlləsinə qadın qətli ilə bağlı yeni "577-bis" maddəsi əlavə olunur. Bu maddə, qadının yalnız qadın olduğu üçün nifrət və ya ayrı-seçkilik motivi ilə və yaxud hüquq, azadlıq və şəxsiyyətini məhdudlaşdırmaq məqsədilə öldürülməsi hallarını nəzərdə tutur və belə cinayətlərin törədilməsi ömürlük həbs cəzası ilə cəzalandırılır.
İtaliya mediasının məlumatına görə, Baş nazir Meloni mövzu ilə bağlı açıqlamasında deyib:
"Qadın qətlini ayrıca cinayət kimi tənzimləyən qanun layihəsinin parlamentdə təsdiqlənməsindən çox məmnunam. Bu, qadınlara qarşı zorakılığın vəhşiliyinə qarşı siyasətin birlik içində verdiyi mühüm mesajdır. Əvvəldən nəzərdə tutduğumuz vasitələrə bir yenisini də əlavə edirik."
Mətbuatda yer alan xəbərlərə əsasən, ölkədə bu ilin 1 yanvar – 20 oktyabr tarixləri arasında 85 qadın qətli hadisəsi qeydə alınıb.