Rusiya Silahlı Qüvvələri mümkün təcavüz təhlükəsi şəraitində nüvə qüvvələrinin tətbiqinə hazırlıq məqsədilə təlimlər keçirir.
Sherg.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirlər mayın 19-dan 21-dək davam edəcək. Təlimlərə Strateji Təyinatlı Raket Qoşunları (STQQ), Sakit Okean Donanması, Şimal Donanması, Uzaqmənzilli Aviasiya Komandanlığı, həmçinin Leninqrad və Mərkəzi hərbi dairələrinin bir sıra qüvvələri cəlb olunub.
Təlimlərdə 64 mindən çox hərbi qulluqçu və 7,8 mindən artıq hərbi texnika iştirak edir. Bunların sırasında 200-dən çox raket buraxılış qurğusu, 140-dan artıq uçuş aparatı, 73 yerüstü hərbi gəmi və 13 sualtı qayıq var. Sualtı qayıqlardan səkkizi strateji təyinatlı raket daşıyan nüvə sualtı qayıqlarıdır.
Müdafiə Nazirliyində bildirilib ki, təlimlərin əsas məqsədi potensial rəqibin qarşısının alınması üzrə fəaliyyətlərin məşq etdirilməsi və şəxsi heyətin hazırlıq səviyyəsinin yoxlanılmasıdır. Həmçinin Belarus ərazisində yerləşdirilmiş nüvə silahlarının birgə hazırlanması və tətbiqi ilə bağlı məsələlərin işlənməsi nəzərdə tutulur. Nazirlik Rusiya ərazisindəki poliqonlara ballistik və qanadlı raketlərin təlim xarakterli buraxılışlarının həyata keçiriləcəyini də açıqlayıb.
Bundan əvvəl Belarusda Rusiya ilə birlikdə nüvə sursatlarının daşınması və onların tətbiqinə hazırlıq üzrə hərbi hissələrin birgə təlimlərinə başlanıldığı bildirilmişdi. Qeyd olunub ki, təlimlərin əsas xüsusiyyəti Belarusun bütün ərazisində əvvəlcədən hazırlanmadığı rayonlardan tapşırıqların icrasına hazırlığın yoxlanılması olacaq.