“Rusiya-Ukrayna müharibəsində dönüş nöqtəsinin əlamətləri görünür”.
Bunu Almaniya müdafiə naziri Boris Pistorius deyib.
“Düşünürəm ki, ukraynalılar üstünlük əldə ediblər. Rusiya həm iqtisadi və daxili baxımdan, həm də döyüş meydanında zəifləmə dövründən keçir. Ukraynalılar əhəmiyyətli irəliləyiş əldə edirlər. Rusiyanın arxa cəbhədəki hərbi infrastrukturuna zərbələr getdikcə daha dəqiq olur, nəticə verir”, - o vurğulayıb.
Pistorius müharibədə həlledici mərhələnin yaxınlaşdığını da qeyd edib:
“Bu gün çoxları müharibənin həlledici mərhələsindən danışır, bəlkə də Ukraynanın xeyrinə”.
Politoloq Oqtay Qasımov Sherg.az-a söyləyib ki, Pistorius bir neçə gün öncə Ukraynada oldu və Ukrayna-Almaniya arasında bir çox məsələlər müzakirə edildi:

"Xüsusilə də birgə dron istehsalı məsələsi diqqət mərkəzində idi. Çox güman ki, gələcəkdə birgə layihə olaraq istehsalat həyata keçiriləcək. Nəzərə alsaq ki, Almaniya bu savaşda Ukraynaya ən böyük dəstək verən ölkələrdən biridir, bu əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Hazırda Ukraynanın müəyyən istehsal sahələri, xüsusilə hərbi-sənaye kompleksi ilə bağlı fəaliyyətlərin bir hissəsi Almaniya ərazisində yerləşir. Pistoriusun Ukrayna səfəri və orada savaşın gedişi ilə bağlı açıqlamalarına gəldikdə isə, o, Rusiyanın zəiflədiyini qeyd edir və hesab edir ki, müharibə həlledici mərhələyə daxil olur. Söhbət ondan gedir ki, Rusiya Ukrayna ərazisində həyata keçirdiyi işğalçı müharibədə qarşıya qoyduğu strateji hədəflərə çata bilmədi. Məqsəd Ukraynada dövlətin mövcudluğunu aradan qaldırmaq və ya orada oyuncaq hakimiyyət yaratmaq idi, lakin buna nail olunmadı. Artıq 5-ci ilinə qədəm qoyan bu savaşda Rusiya Ukraynanın yalnız təxminən 20 faizə yaxın ərazisini işğal edə bilib. İkinci Dünya müharibəsində isə rus ordusu Moskvadan Berlinə qədər irəliləmişdi".
Analitik qeyd edib ki, son dövrlər Rusiyanın iqtisadi vəziyyətində müəyyən durğunluğun olduğu da görünür:
"Son bir ilə nəzər saldıqda görərik ki, Rusiya Ukrayna ərazilərində ciddi irəliləyiş əldə edə bilməyib. Bu qış Ukraynanı soyuq və enerji böhranı vasitəsilə təslim olmağa məcbur etmək planları da nəticə vermədi. Əksinə, Ukrayna öz müdafiə qabiliyyətini gücləndirdi və hərbi təminat səviyyəsini savaşın əvvəlindəki 10 faizdən hazırda 60 faizə qədər yüksəltdi. Xüsusilə dron texnologiyaları sahəsində Ukrayna ciddi uğurlar əldə edib. “Flamingo”, “Neptun” kimi uzaqmənzilli raket və dron sistemləri istehsal olunur və bu sistemlər Rusiya ərazisində strateji hədəflərə zərbələr endirir. Son bir neçə aya diqqət etdikdə döyüşdə təşəbbüsün müəyyən qədər Ukraynanın əlində olduğu görünür. Xüsusilə də 9 May paradı ətrafında yaşananlar bunu deməyə əsas verir. Nəzərə alsaq ki, Ukraynaya bu il Avropa İttifaqının 90 milyardlıq yardım paketi ilə bağlı qərar qəbul olunub və NATO-nun 60 milyard dəyərində əlavə yardım məsələsi də müzakirə olunur, bu, Ukraynaya ən azı növbəti iki il ərzində müqavimət göstərmək və savaş aparmaq imkanı yarada bilər. Bir daha qeyd etmək lazımdır ki, Ukrayna ordusu hazırda ən döyüşkən və peşəkar ordular sırasındadır. Ukraynanın PUA və PUA əleyhinə sistemlər sahəsində əldə etdiyi uğurlar da bunu göstərir. Bundan başqa, neft emalı zavodları da hədəfə alınıb. Urala qədər olan ərazilər artıq Ukraynanın zərbə imkanları daxilindədir. Bu isə Ukraynanın zərbə radiusunun genişləndiyini və Rusiya üçün daha çətin vəziyyətin yarandığını göstərir. Bütün bunlar tərəflərin müəyyən mərhələdə danışıqlar masasına oturmasına səbəb ola bilər. “Həlledici an” deyiləndə Pistoriusun məhz bunu nəzərdə tutduğu düşünülür".