ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında Rusiya lideri Vladimir Putinlə bağlı kəskin fikirlər səsləndirib.
“Putin nəzarətdən çıxıb. O, əbəs yerə saysız-hesabsız insanın həyatına son qoyur. Burada söhbət təkcə əsgərlərdən getmir. Heç bir əsas olmadan Ukrayna şəhərlərinə raket və dron hücumları təşkil olunur”, – Tramp yazıb.
O həmçinin bildirib ki, Putin bütün Ukraynanı ələ keçirmək niyyətindədir və bu cəhdin Rusiya üçün ağır nəticələri olacaq:
“Mən dəfələrlə demişəm, onun məqsədi Ukraynanın bir hissəsi deyil, tamamını almaqdır. Amma bunu bacarsa belə, bu, Rusiyanın öz sonunun başlanğıcı olacaq”.
Milli Cəbhə Partiyasının başqan müavini, ilahiyyatçı Tural İrfan Sherg.az-a bildirib ki, Donald Trampın ABŞ-ı prezidenti seçilməsinə qədər onun Ukrayna savaşının durdurulması yönündə açıqlamaları, vədləri vardı:
"Güman edilirdi ki, o gəlib bu müharibəni dayandıracaq. Ancaq əksinə oldu. Populist, bir qədər də qeyri - ciddi açıqlamaları ilə, təzadlı və yalnız biznes maraqlarına əsaslanan çıxışlar etməsi, müəmmalı qərarlar verməsi onun siyasi sanbalını, ona olan etimadı zəiflətdi. Təbii ki, onun bu cür davranışlarından da Rusiya prezidenti Vladimir Putin "bəhrələnməyə", istifadə etməyə başladı. Bir neçə gün öncə hər iki lider arasındakı telefon danışıqlarının mahiyyəti göstərir ki, artıq bu şəxslər dünyanın taleyi ilə oynayırlar. ABŞ-ı prezidentinin həyat yoldaşı haqqında V. Putinin sözlərini D. Trampın ifadə etməsi kimi nüanslar artıq bu liderlərin ciddi müzakirə aparmadıqlarının göstəricisidir. Bir neçə ay əvvəl Rusiya prezidentini həddən artıq tərifləyərək Ukrayna rəhbərini aşağılaması ilə indiki populist çıxışları da qeyri - ciddilikdən xəbər verir".
Politoloq əlavə edib ki, müharibə dayanmalıdır, ən azı davamlı atəşkəsə nail olmaq lazımdır:
"Bunun üçün isə tribunadan təhdid yağdırmaqla paralel əməli işlər də görülməli, ciddi addımlar atılmalı, danışıqlar aparılmalı, təsir göstərilməlidir. Trampın Putin haqda xoş sözlər deməsindən o qədər də çox keçməyib. Məgər o dövrdə lazımsız yerə saysız - hesabsız günahsız insanlar öldürülmürdü?! Tramp bunları görürdü?! Amma onun Rusiyaya ilkin münasibəti həm öz ölkəsində həm də dünyada ciddi narahatlıq yaratdı və reytinqinə zərbə vurmağa başladı. Bu da onun bir çox daxili qərarlarına etiraz yaratdı. Nəticədə indi bu cür açıqlamalar verir. Avropa ilə müəyyən anlaşmazlıqları da onun bu savaşın durmasına marağını azaldır. Çünki ABŞ-ı hesab edir ki, həm Rusiya həm də ona rəqib olan Avropa birliyi bu savaşda bataqlığa sürüklənir. Rusiyanın artıq iqdisadiyyatı Çindən asılı duruma düşüb. Avropa Ukraynaya yardım, silah çatdırmaqda çətinlik yaşayır. Ukrayna dəhşətli dərəcədə borclanır, tarimar olur ki, sonrakı mərhələdə ölkənin bərpası da əsasən Avropadan asılı olacaq. Odur ki, Trampın bu çıxışlarını qeyri - ciddi və populist hesab etmək lazımdır".