Türkiyədə İstanbul prokurorluğunun jurnalist Cem Küçükə qarşı apardığı istintaq çərçivəsində teleaparıcı və jurnalist Tahir Sarıkaya həbs edilib.
Oxu.Az bu barədə "Haber Global" telekanalına istinadən xəbər verir.
*Türkiyədə tanınmış jurnalist saxlanıldı
Tahir Sarıkaya istintaq çərçivəsində dünən saxlanılmışdı. Onun bank hesablarında mənbəyi naməlum yüksək məbləğdə pul daxilolmaları və köçürmələrinin olduğu, bu transferlərin bir hissəsinin isə kriptovalyuta hesablarına yönləndirildiyi iddia edilib.
Prokurorluqda ifadə verdikdən sonra Tahir Sarıkaya hakim qarşısına çıxarılıb. O, "şantaj" maddəsi ilə ittiham olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.
Eyni istintaq çərçivəsində "yanıldıcı məlumat yayma" və "şantaj" ittihamları ilə saxlanılan Cem Küçük avqustun 1-də həbs olunmuşdu. İstanbul prokurorluğu Cem Küçükün bəzi iş adamlarından maddi mənfəət qarşılığında sosial mediada paylaşımlar etməsinə dair şikayətlər və İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan istintaq müddətində mediada yer alan bəyanatları ilə bağlı aparılan araşdırmalar çərçivəsində saxlanıldığını bildirmişdi.