Uitkoff Rusiyanın azad etdiyi keçmiş amerikalı dəniz piyadası Gilmanla fotosunu paylaşıb

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiyanın azad etdiyi keçmiş amerikalı dəniz piyadası Robert Gilmanla fotosunu X sosial şəbəkəsində paylaşıb.

Sherg.az-ın məlumatına görə, Uitkoff Gilmanı dörd ildən artıq Rusiyada həbsdə qaldıqdan sonra ABŞ-a aparmaqdan məmnunluq duyduğunu bildirib. O, həmçinin Rusiya Prezidenti Vladimir Putinə Gilmanın humanitar səbəblərdən əfv edilməsində və azad olunmasında şəxsi iştirakına görə təşəkkür edib.

Xüsusi nümayəndə ABŞ Prezidenti Donald Trampın xaricdə saxlanılan amerikalıların ölkəyə qaytarılmasına “sarsılmaz sadiqliyini” də vurğulayıb.

Qeyd edək ki, 32 yaşlı Gilman avqustun 11-də Rusiya tərəfindən azad edilib. Onun ABŞ-də müalicə olunacağı bildirilib. Trampın sözlərinə görə, Gilmanın azad edilməsi Putinlə danışıqlarından sonra baş tutub və bunun müqabilində Rusiyaya heç bir güzəşt edilməyib.