Yəmən ordusu husiləri darmadağın edir - Ərazilər azad olundu

Yəmən Silahlı Qüvvələri Bəyda, Taiz və Əl-Cövf əyalətlərində irəliləyiş əldə etdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, Yəmən ordusunun döyüş təyyarələri Taizin qərbində (Məqbənə) husilərin mövqelərinə zərbələr endirib.

Yəmən qüvvələri Taizdə Əl-Kurə dağı və Nakilə nəzarəti tam ələ keçirib. Döyüş təyyarələri Taiz şəhərinin qərbində canlı qüvvə və silah-sursat daşıyan 21 hərbi texnikanı məhv edib.

Yəmən Silahlı Qüvvələri həmçinin husilərin geri çəkilməsi fonunda Bəyda əyalətində Heyd əl-Xəzan, Əl-Müceyrəş, Dar əl-Məəlla və Əl-Nasifə yaşayış məntəqələrinə nəzarətin ələ keçirildiyini açıqlayıb.

Yəmən ordusu hərbi aviasiyanın dəstəyi ilə Bəyda əyalətinin Əz-Zahir rayonunda da irəliləyir.

Yəmən qoşunlarına məxsus döyüş təyyarələri Məribin cənubunda husi birləşmələrinə və kazarmalarına silsilə hava zərbələri endirib. Yəmən ordusu Əd-Dali rayonunda da husilərin birləşmələrini hədəfə alıb.

Əl-Cövfdə isə ayrı-ayrı qəbilələr husilərə qarşı Yəmən Silahlı Qüvvələrinə dəstək verməyə başlayıblar.

Yəmən qüvvələri əyalətdə ciddi irəliləyiş əldə edib, Əl-Ləbənat düşərgəsini mühasirəyə alıb və ətrafındakı kəndlərə nəzarəti ələ keçirib. Husilər əlavə qüvvələr göndərməyə çalışsalar da, Yəmən ordusu həmin qüvvələri hədəfə alaraq geri çəkilməyə məcbur edib.