Yunanıstan Ukraynaya məxsus pilotsuz dəniz aparatlarının Aralıq dənizinin akvatoriyasından çıxarılması tələbi ilə Kiyevə rəsmi bildiriş göndərməyi planlaşdırır.
Sherg.az xəbər verir ki, bu barədə Yunanıstan rəsmilərinə istinadən "Kathimerini" nəşri məlumat yayıb. Bildirilir ki, qərar Yunanıstanın Lefkada adası adasının qərb sahilləri yaxınlığında dəniz dronunun aşkar edilməsindən sonra qəbul olunub.
"Kathimerini"nin məlumatına görə, tapılan aparat “Kozak Mamay” tipli kamikadze suüstü pilotsuz aparatı olub. Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis üçün hazırlanmış məruzədə qeyd olunub ki, aşkar edilən dron daha genişmiqyaslı əməliyyatın bir hissəsidir. Daha əvvəl Kiyev Afinaya bu dəniz dronlarının Rusiyanın “kölgə donanmasına” qarşı istifadə olunmaq üçün nəzərdə tutulduğu barədə məlumat vermişdi.
Mayın 8-də "Skai.gr" portalı xəbər vermişdi ki, Lefkada adasının cənubunda yerləşən Dukato burnu yaxınlığındakı mağarada daha bir Ukrayna istehsalı olan Magura V3 pilotsuz aparatı aşkarlanıb. Bu aparat kəşfiyyat aparmaq və suüstü hədəflərə zərbələr endirmək üçün nəzərdə tutulub.
Məlumata əsasən, dron minalanmış vəziyyətdə olub. Yunanıstan Silahlı Qüvvələri onun üzərində quraşdırılmış üç detonatoru zərərsizləşdirib.