
Zelenski müharibə istəmir
Yusif Nəzərli
07:44 22.04.2022
Dünya
643
Putin səmimi niyyətlə müzakirə masasına əyləşərsə, savaş bitə bilər
"İndiki halda Ukraynanın müharibəni dayandırması, Moskvanın Kiyev qarşısındakı şərtlərini daha da ağırlaşdıracaq"
Ukrayna Prezidenti V.Zelenski növbəti dəfə Rusiya lideri Vladimir Putinlə görüşə hazır olduğunu bildirib. Onun sözlərinə görə, prezidentlərin görüşü üçün Rusiya tərəfinin müharibənin başa çatması ilə bağlı söz deməsi, həmçinin görüşün gününü və yerini açıqlaması lazımdır: “Biz hər şeyə hazırıq. İşğal olunmuş Krım, Donbass məsələlərini müzakirə etməyə hazırıq - bu məsələləri həll etmək lazımdır. Qoşunların Ukrayna ərazisindən çıxarılması ilə bağlı məsələlər də həll olunmalıdır. Rusiya Federasiyası heç olmasa, fevralın 24-də keçdiyi xəttə geri çəkilməlidir”.
Zelenskinin fikrincə, Ukraynaya təzyiq göstərmək mümkün deyil: “Biz bir neçə dəfə demişik ki, mən fərqli prezidentəm, biz başqa dövlətik, hamımızı Ukraynaya sevgimiz birləşdirir, ona görə də həmişə danışıq tərəfdarıyıq”. Ukrayna rəhbəri hesab edir ki, Putinlə görüş üçün Rusiya Federasiyası prezidentinin özünün istəyi lazımdır:
“Ruslar, nəhayət, atəşi dayandırmalıdır, çünki heç kim heç nəyə çatmayacaq və Ukrayna dövlətinin başçısı ölkəni tərk etməyəcək. Mən bürokrat deyiləm, görüşümüzə hazırlaşmağa ehtiyacım yoxdur. Mənə Rusiya tərəfinin deməsi lazımdır ki, müharibəni bitirmək istəyirlər, görüşəcəyimiz gün və yeri təyin etsinlər, daha heç nə lazım deyil”. Ukraynanın Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak da deyib ki, müharibə prezidentlər - Zelenski və Vladimir Putin arasında birbaşa danışıqlarla yekunlaşa bilər. Bundan əlavə, Ukrayna tərəfinin mövqeləri hüquqi cəhətdən təsdiqlənməlidir: “Ukrayna tərəfinin hüquqşünasları, məsləhətçiləri və danışıqlar qrupu bu gün bunun üzərində işləyir. Buna görə də ümid edirik ki, bu danışıqlarda Prezident Volodimir Zelenskinin mövqeyi son dərəcə güclü olacaq”. Onun fikrincə, Ukrayna prezidenti danışıqlar zamanı ölkə üçün əsas və prinsipial olan məqamları qarşı tərəfə çatdıra biləcək: “Biz ölkədə vəziyyətin inkişafını gözləməliyik. Ölkənin şərq hissəsində hücumun nə qədər ciddi olacağını qiymətləndiririk”. Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu isə müharibəyə görə bəzi Qərb ölkələrini ittiham edib. Çavuşoğlu deyib ki, NATO ölkələri arasında Ukraynadakı müharibənin davam etməsi arzusunda olanlar var: “Müharibə davam etsin, Rusiya daha da zəifləsin deyə düşünürlər. Ukraynanı rəqabət meydanı kimi görmək doğru deyil. Amma təkcə buna görə yox. Meydanda şərait çətinləşdikcə danışıqlar da çətinləşir. Yəni bu vəziyyəti sadəcə müharibənin bitməsini istəməyənlərə aid etməmək lazımdır”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Şərq”ə bildirib ki, əslində liderlərin görüş fikri Moskva tərəfindən gündəmə gətirilib. Ukrayna isə sadəcə buna müsbət cavab verdiyini açıqlayır:
“Nəzərə alaq ki, müharibəni, işğalı başladan Rusiyadır. Ukrayna müharibə istəmir və problemlərin çözümünün yollarını axtarır, görüş təklif edir və s. Həm də öz tələblərini ortaya qoyur. Kiyev tələb edir ki, onun ərazi bütövlüyünə, suverenliyinə hörmət edilsin. Kreml isə hələlik müharibənin davam etməsində maraqlıdır. Ona görə Zelenski deyir ki, “əgər Rusiya savaşı sürdürmək istəyirsə, biz 10 il də savaşmağa hazırıq. Görüş istəyirlərsə, ona da hazırıq”. Ukraynanın qəbahəti, günahı yoxdur, masaya əyləşməkdən niyə qorxsun ki? Yaxud Rusiya savaşda elə ciddi nailiyyət qazanmayıb ki, masada Kiyevə nəyisə diktə etsin. Müharibənin gedişi və uzanması göstərdi ki, Kreml zorakı yolla Kiyevə hansısa şərti qəbul etdirə bilmir. Danışıqlarda hər iki ölkənin maraqlarına uyğun razılaşmalar əldə edilməlidir. Moskva səmimi niyyətlə müzakirə masasına əyləşərsə, müharibə bitə bilər. Əslində Qərb ölkələri də müharibənin uzanmasında, daha doğrusu, Ukrayna ərazisində savaş getməsində maraqlı deyil. Problem ondadır ki, Rusiyanın Krımla yanaşı, Ukraynanın digər ərazilərinə də iddiaları var. İndiki halda Ukraynanın müharibəni dayandırması, Moskvanın Kiyev qarşısındakı şərtlərini daha da ağırlaşdıracaq. Məhz bunun baş verməməsi üçün Qərb Ukraynaya hərbi yardım göstərir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
08:53 15.11.2026
Aktual
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
08:11 15.11.2026
Dünya
“Salman Xan 6 həftə məni qorudu” - Oksana Rəsulova
07:59 15.11.2026
Şou
Z nəsli qızları keçəlləşmə təhlükəsi ilə üz-üzədir
07:23 15.11.2026
Sağlamlıq