Ədəbiyyat üzrə Nobel mükafatı Cənubi Koreyalı yazıçı Han Kanqa verildi. O, bu mükafata tarixi travmaları və insan həyatının kövrəkliyini üzə çıxaran poetik nəsrinə görə layiq görülüb.
“Han Kanq əsərlərində tarixi travmalar və görünməz qaydalar toplusu ilə qarşılaşır və hər bir əsərində insan həyatının kövrəkliyini ortaya qoyur. O, bədənlə ruhun, dirilərlə ölülərin əlaqəsini özünəməxsus dərk edir, poetik və eksperimental üslubu ilə çağdaş nəsrin yenilikçisinə çevrilib”, –Nobel Komitəsinin press-relizində belə yazılıb...
Qeyd edək ki, yazıçı ona məşhurluq gətirən “The Vegetarian” romanına görə 2016-cı ildə “Buker” mükafatına da layiq görülüb.
Yazıçı Han Kanqanın Nobelə nə dərəcə layiq yazıçı olub – olmaması ilə bağlı “Sherg.az”ın suallarını cavablandıran yazar Ülvi Bahadır hesab edir ki, Nobel komitəsi artıq uzun müddətdir, çox məşhur yazıçılara yox, nisbətən az tanınan müəlliflərə mükafat verir. Bununla da belə müəllifləri da aktuallaşdırır. Kanq bundan əvvəl “Vegeterian” romanına görə Buker makafatı qazanmışdı.
- Han Kanqanın yaradıcılığı ilə nə dərəcə tanışsınız?
- Mən onun “Vegeterian” və “Ağ kitab” romanlarını oxumuşam. “Vegeterian” ortabab əsərdir, ancaq "Ağ kitab”ı çox bəyənmişdim.
“Vegeterian” romanında gördüyü qanlı yuxulardan sonra ət yeməkdən imtina eləyən, buna görə cəmiyyətin təzyiqi ilə üzləşən bir qadının yaşadıqlarından bəhs edir.
Oxuduğum digər əsəri olan “Ağ kitab”ın isə konkret hekasəi yoxdur. Ağ it, şəkər tozu, ana südü və düyü vasitəsilə insanın acizliyini göstərir. Öyrədiyim qədərilə müəllifin əsas əsəri "İnsan əməlləri”dir. Hələ ki, tanış deyiləm, ancaq ilk fürsətdə oxuyacağam.
- Adı favorit namizədlər arasında olmadığı halda Han Kanqanın Nobelə layiq görülməsi bəs nədən qaynaqlanır?
- Son zamanlarda Cənubi Koreyaya maraq çoxdur. Xüsusilə də Cənubi Koreya kinosu çox populyardır. Kanqın mövzuları da hazırda dünyanı maraqlabndıran mövzulardır. Düşünürəm ki, ona Nobeli toxunduğu mövzular gətirdi.
- Sizin Nobelə favori namizədiniz kim idi? Hansı yazıçının qalib gələcəyini gözləyirdiniz?
- Qalib gələcəyini gözləməsəm də, Mişel Ulbekin qazanmasını istəyərdim. Ancaq Ernodan sonra daha bir fransıza verməzdilər.