Faiq Ələkbərlinin “Azərbaycan Türk mütəfəkkirləri” kitabı Türkiyədə nəşr olunub

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin “Azərbaycan Türk mütəfəkkirləri” əsəri Türkiyənin Karabük Üniversiteti tərəfindən e-kitab kimi yayınlanıb. Həmin kitab klassik formada da yaxın günlərdə işıq üzü görəcək.

Sherg.az xəbər verir kiitabın redaktoru Karabük Universitetinin İqtisadi və İdari Elmlər Fakültəsinin əməkdaşı, professor Əli Əskərdir.

Kitab yalnız Türk mənəvi dünyasının ən qədim qatlarını — Oğuz Ata, Qorqud Ata və Qam Atanın fəlsəfi dünyagörüşünü — işıqlandırmaqla kifayətlənmir. Müəllif düşüncə tariximizi tək bir mərhələ ilə məhdudlaşdırmadan, Türk fəlsəfi irsinin qədim mifoloji köklərindən klassik orta əsr şair-filosoflarına, Şərq renessansının böyük şəxsiyyətlərindən maarifçilik dövrünün yeni ideya sahiblərinə, nəhayət XIX–XX əsrin milli ideologiya qurucularına qədər uzanan geniş bir tarixi dövrü əhatə edir. Bu yanaşma həm konseptual bütövlüyü təmin edir, həm də Azərbaycan düşüncə tarixinin uzunmüddətli inkişaf ardıcıllığını aydın və sistemli şəkildə ortaya qoyur.

Əsərin əsas üstünlüyü yalnız qədim dövrlərin geniş və əhatəli şəkildə təhlilində deyil, həm də müəllifin klassik Azərbaycan intellektual mühitini — Xaqani Şirvani, Nizami Gəncəvi və Zeynalabiddin Şirvani yaradıcılığını — fəlsəfi düşüncənin mərkəzində təqdim etməsində özünü göstərir. Bu şəxsiyyətlərin əsərləri uzun müddət əsasən ədəbi kontekstdə təhlil edilsə də, onların fəlsəfi baxışları tarixən yetərli dərəcədə sistemləşdirilməmişdir. Faiq Ələkbərli isə bu boşluğu dolduraraq inandırıcı şəkildə göstərir ki, Azərbaycan klassiklərinin düşüncəsi yalnız poetik obrazların deyil, eyni zamanda rasional-fəlsəfi ideyaların da daşıyıcısıdır.

XIX əsrin maarifçi mühitini, xüsusilə Abbasqulu Ağa Bakıxanov, Əbülqasim Nəbatî və Məhəmməd Hidəci yaradıcılığını təhlil etdiyi bölmələrdə müəllif Azərbaycan mütəfəkkirlərinin Şərq və Qərb düşüncə modellərini hansı intellektual zəmində və necə sintez etdiklərini aydın şəkildə nümayiş etdirir. Milli dirçəlişin başlanğıc mərhələsi kimi səciyyələnən bu dövr, fəlsəfi və ictimai fikrin müasirləşmə yolunda keçdiyi mərhələləri anlamaq baxımından son dərəcə önəmlidir.

Əsərin son iki fəsli Azərbaycan və bütövlükdə Türk dünyasının XX əsrdə öz milli ideoloji platformasını formalaşdırmasında müstəsna rol oynamış Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğluna həsr olunmuşdur. Müəllif bu böyük mütəfəkkirləri yalnız siyasi düşüncə adamları və publisistlər kimi deyil, eyni zamanda dərin fəlsəfi-intellektual konsepsiyaların müəllifləri kimi təqdim etməyə nail olur. Türkçülük, modernləşmə, maariflənmə və millət ideyası kimi anlayışlar onların düşüncə sistemində təkcə siyasi kateqoriyalar deyil, həm də fəlsəfi mahiyyət daşıyan məfhumlar kimi çıxış edir. Kitabda bu istiqamətlər arasında qurulan elmi əlaqə müasir milli ideyanın mənəvi-fəlsəfi əsaslarını anlamaq baxımından xüsusi dəyər kəsb edir.