Nigar Köçərli: “Həmişə istəmişəm ki, böyük məkanı əhatə edən mağazamız olsun”
08:30 31.05.2024
Ədəbiyyat
2085
“Çox sevinirəm ki, addım-addım bu mərhələyə gəlib çatdıq və öz arzularımı gerçəkləşdirə bildim”
“Almasalar belə, müştərilərimizə istədikləri kitabı götürüb kafedə oxumaq imkanı yaradılacaq”
“O qədər çox adam gəlmişdi ki, bizim üçün həqiqətən şok oldu. Açılışdan 3 gün keçməsinə baxmayaraq, hələ də gözəl hisslərin eyforiyasını yaşayırıq”
Mayın 28-də yeni açılmış "Crescent Mall"da "Əli və Nino" mağazalar şəbəkəsi 12-ci mağazasını açıb. Mağaza Azərbaycanın ən böyük ərazili, dəniz mənzərəli kitab mağazasıdır.
Açılış mərasimini giriş nitqi ilə açan Qanun Nəşriyyatının qurucusu, naşir Şahbaz Xuduoğlu "Əli və Nino" mağazasının keçdiyi inkişaf yolu haqqında danışıb, yeni mağaza münasibətilə bütün kitabçıları və oxucuları təbrik edib. Bundan sonra çıxış edən Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı "Əli və Nino" kitab mağazasının ölkədəki uğurlu fəaliyyətindən, cəmiyyətdə kitaba marağın və mütaliənin inkişafı yolunda səmərəli işlərindən söz açıb. Daha sonra açılış sözü ilə Mədəniyyət Nazirliyinin sözçüsü, Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Maarifli, millət vəkili Etibar Əliyev, Yazıçılar Birliyinin sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid, Təhsil İnkişaf Fondunun sədri Elnur Nəsibov, görkəmli və sevilən detektiv ustadı Elxan Elatlı çıxış edib. Çıxışlarda "Əli və Nino" kitab şəbəkəsinin ölkədə kitab sahəsinin inkişafına verdiyi təkanlar və uğurlu fəaliyyəti haqqında danışılıb, mağazanın gələcək fəaliyyətində uğur arzulanıb.
Yeni filialın açılış təəssüratlarını “Şərq”lə bölüşən "Əli və Nino" kitab mağazası şəbəkəsinin rəhbəri Nigar Köçərli deyib ki, böyük kitab mağazasına sahib olmaq çoxdanın, hələ 20 il əvvəlin arzusu olub: “Həmişə istəmişəm ki, böyük məkanı əhatə edən mağazamz olsun. Böyük məkanda kitabları istədiyin formada yığmaq, mağazaya dizayn vermək, oxucuların rahatlığını təmin etmək daha yaxşı olur. “Əli və Nino” kitab mağazalarının yerləşdiyi bütün mağazalar icarədir və bazar qiymətləri də kifayət qədər yüksək olduğu üçün istədiyim böyüklükdə mağaza aça bilmirdim. Çox sevinirəm ki, addım-addım bu mərhələyə gəlib çatdıq və öz arzularımı gerçəkləşdirə bildim. Yeni mağazamız təzə açılan “Crescent Mall”ın dördüncü mərtəbəsində, 700 kvadrat metrlik ərazini əhatə edən çox gözəl bir məkandır. Mağazanın insana xoşbəxtlik və hüzur gətirən bir aurası var. Mağazanın içərisində kitab kafesi fəaliyyət göstərəcək. Kitab almağa, baxmağa gələn oxucular orada rahat dincələ, kofelərini içə-içə kitab oxuya biləcəklər. Almasalar belə, müştərilərimizə istədikləri kitabı götürüb kafedə oxumaq imkanı yaradılacaq. Mağazada seminarlar, imza günləri üçün də ayrıca məkanımız olacaq. Həftədə ən azı 2-3 dənə kitab təqdimatı, yazarların imza gününü keçirməyi planlaşdırırıq.
Onu da xatırladım ki, 15 il əvvəl bizim gənclərdən ibarət kitab klubumuz fəaliyyət göstərirdi. Çox maraqlı layihə idi, gəncləri bir araya yığıb müxtəlif kitabları müzakirə edirdik. Yenidən həmin klubun fəaliyyətini bərpa etmək istəyirik. Artıq bu barədə səhifələrdə çağırış da etmişik və 200-ə yaxın insan yığılıb. Ayda bir dəfə gənclər istədikləri kitabı seçəcək və bizim kafemizdə müzakirə edəcəyik”.
Mağazanın açılış mərasiminə toxunan N.Köçərli tədbirdə bir sıra dövlət rəsmiləri, yazıçı və şairlər, görkəmli ictimaiyyət nümayəndələrinin iştirak etdiyini deyib: “Açılış möhtəşəm keçdi, o qədər çox adam gəlmişdi ki, bizim üçün həqiqət şok oldu. Açılışdan 3 gün keçməsinə baxmayaraq, hələ də gözəl hisslərin eyforiyasını yaşayırıq. Ümid edirəm ki, Azərbaycanda bu cür mağazaların sayı çox olacaq”.
Ölkəmizdə kitaba olan marağın hələ də istənilən, arzuolunan səviyyəyə gəlib çatmadığını vurğulayan Nigar xanım hesab edir ki, gediləcək yol çox böyükdür: “Əvvəlki illərlə müqayisədə kitaba maraq artıb, lakin bu maraq ürəkaçan səviyyədə deyil. Qonşu Gürcüstanda ərazisi və əhalisi bizdən qat-qat az olmalarına rəğmən 250-yə yaxın kitab mağazası fəaliyyət göstərir. Bizdə isə ümumilikdə 50 kitab mağazası var. Halbuki əhali sayı ilə müqayisədə bu rəqəm 500-600 olmalıdır. Necə ki keçmiş sovetlərin dövründə Azərbaycanda 1000-dən çox kitab mağazası mövcud idi. Respublikanın hər rayonunda, hər kəndində ən azı 1 kitab mağazası olmalıdır. Ümid edirəm o günü də görəcəyik!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Baş nazir: Rusiya Ermənistana qazı ucuz satmır
13:06 11.09.2026
Region
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
10:36 11.09.2026
Futbol
37 yaşlı kişi həyətində ölü tapıldı
10:29 11.09.2026
Hadisə
Bakıda xanıma qarşı nalayiq ifadələr işlədən kişi həbs edildi
10:26 11.09.2026
Hadisə
Bu türk ölkəsi “Avroviziya”ya buraxılmadı
10:17 11.09.2026
Şou
AfD Mertsdən polisə şikayət etdi - “Bu dəfə həddini aşdı”
10:03 11.09.2026
Dünya