Dünyanın bir çox bölgəsində rekord istilər hökm sürərkən, Yeni Zelandiya Antarktidadan gələn soyuq hava kütləsi dəniz səviyyəsinə qədər enən qar yağışına səbəb olub.
Sherg.az xəbər verir ki, yerli KİV-in məlumatına görə, xüsusilə Cənub adasının şərq hissələrində güclü qar yağışı müşahidə olunur. Meteoroloqlar soyuq hava dalğasının həftənin ortalarınadək daha da güclənəcəyini bildiriblər.
Qar səbəbindən Dunedin şəhərində bütün ibtidai və orta məktəblərdə, eləcə də ətraf rayonlardakı bəzi təhsil müəssisələrində dərslər dayandırılıb. Bir çox uşaq bağçası və məktəbəqədər təhsil mərkəzi də fəaliyyətini müvəqqəti dayandırıb.
Əlverişsiz hava şəraiti nəqliyyata da ciddi təsir göstərib. Polis buzlanma səbəbindən Dunedində 20-dən çox yol-nəqliyyat hadisəsinin qeydə alındığını açıqlayıb.
Şəhərdə bütün avtobus reysləri ləğv edilib, qar və buzlanma səbəbindən bəzi avtomobil yolları müvəqqəti olaraq bağlanıb.
Soyuq hava dalğası paytaxt Vellinqtona da çatıb. Şəhər mərkəzində və bəzi ətraf ərazilərdə sulu qar və zəif qar yağışı qeydə alınıb.