Media nümayəndələri mətbuat konfranslarında çətinə düşürlər


Mütləq Azərbaycanda da jurnalistlərin ixtisaslaşması getməlidir

Jurnalistikanın ən önəmli prinsiplərindən biri müsahibə sualların düzgün tərzdə ünvanlanmasıdır. Çünki ağıllı sual istənilən məsələ ilə bağlı tam cavabın alınmasına səbəb olur.  Bildiyimiz kimi, ilk növbədə jurnalist "hə” və "yox” cavabları verilə biləcək suallardan qaçmalıdır. Ümumiyyətlə, sualı necə formalaşdırmaqdan çox şey asılıdır. Elə suallar verilməlidir ki, maksimal sayda cavablar alınsın. Bundan əlavə, hər insana aid olduğu və onu maraqlandıran suallarla müraciət etmək daha məqsədəuyğundur. Yalnız bu halda müsahibin düşüncələrinə, fikirlərinə yol tapmaq olar. Lakin son vaxtlar jurnalistlərin sual qoyuluşunda xeyli qüsurlar aşkar olunmaqdadır.

Bu səbəbdən də mətbuat konfranslarında müəyyən anlaşılmazlıqlar meydana gəlir. Ötən gün Təhsil naziri Emin Əmrullayevə brifinqdə verilən bəzi suallardan Azərbaycan jurnalistikasında keyfiyyətin aşağı düşdüyü görüldü. Jurnalistlərin xüsusilə sual verməkdə, qarşısındakı müsahibdən lazımi informasiyanı almaqda çətinlik çəkdikləri aydın sezildi.

Maraqlıdır, bəs bu cür hallara kimlər məsuliyyət daşıyır? Niyə mətbuat konfranslarına redaksiyalar hazırlıqlı jurnalistlər göndərmir?

Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli "Şərq"ə açıqlamasında bildirib ki, mətbuat konfranslarında, görüşlərdə müəyyən anlaşılmazlığın olması normaldır. M.Ələsgərli qeyd edib ki, hətta bir çox beynəlxalq konfranslarda və tədbirlərdə bundan daha ağır və kəskin formada anlaşılmazlıqlar yaşanır:

"Hətta bu səbəbdən bəzən qalmaqallar, qarşıdurmalar da baş verir. Qeyd edim ki, ümumiyyətlə, jurnalistlər mətbuat konfransına gedərkən, orda sual verəcəyi sahəni, mövzunu ilk növbədə dərindən bilməli və buna hazırlıqlı olmalıdırlar.

Onu da əlavə edim ki, hazırda internet dövrüdür və hər bir jurnalist istədiyi mövzunu hər an internet vasitəsilə dəqiqləşdirə bilər.

Həmçinin, jurnalist çətin duruma düşməməsi üçün əlavə sualları da hazır saxlamalıdır. Ümumiyyətlə, bu bir həqiqətdir ki, Azərbaycanda jurnalistlərin ixtisaslaşması getməlidir".

MŞ sədr müavini əlavə edib ki, dünya praktikası ixtisaslaşmış jurnalistikanın daha effektli və peşəkar olduğunu göstərir:

"Azərbaycanda çox təəssüf ki, mövzular üzrə ixtisaslaşma yaxşı səviyyədə deyil. Bu gün idmandan yazan jurnalist sabah siyasətdən və ya sosial problemlərdən yazır. Əslində mövzular üzrə ixtisaslaşma formalaşarsa, hamı üçün sərfəli olar. Həm vətəndaşlar daha dəqiq informasiya alar, həm də mediada təhrif olunmuş fikirlərin qarşısı alınar.

Təəssüf ki, Azərbaycanda ixtisaslaşma ilə bağlı məsələ bir az problemlidir. O da sonda bu kimi müəyyən çatışmazlıqların, problemlərin yaranmasına gətirib çıxarır".