Tofiq Abbasov:“Azərbaycan qonşu dövlətlərə heç bir problem yaratmır. İnformasiya təhlükəsizliyinə dair razılaşmalara gəlmək ümidverici məqamdır”
Səbuhi Abbasov:“Prosesin icrasına peşəkar yanaşılmalıdır. Əks halda qarşılıqlı şəkildə pozuntular olar , xoşagəlməz nəticələr yaranar"
İyunun 24-də Rusiya Federasiyanın xarici işlər naziri Serqey Lavrov Azərbaycana işgüzar səfər edib. O həmkarı Ceyhun Bayramovla görüşüb. Görüş zamanı tərəflər, bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, bölgədə münasibətlərin normallaşdırılması və sülhün təmin olunması istiqamətində addımların atılması, o cümlədən sərhədlərin delimitasiyası üzrə komissiyaların fəaliyyəti, bütün kommunikasiyaların açılması, gələcək sülh sazişinin imzalanması məsələləri ətrafında geniş müzakirələr aparıblar. Görüşün sonunda xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb. Tərəflərin bu Sazişə əsasən, təhlükəsizlik və sabitliyi qoruyub saxlamalı, suverenliyə, ərazi bütövlüyünə, dövlət sərhədlərinin təhlükəsizliyinə və toxunulmazlığına qarşılıqlı hörmət bəsləməlidir. Həmçinin mübahisə və münaqişələrin sülh yolu ilə tənzimlənməsi, güc və güclə təhdid tətbiq etməmə, daxili işlərə qarışmama, insan hüquq və əsas azadlıqlarına hörmətlə yanaşmaq məsələləri əksini tapıb.
Saziş bərabərhüquqlu, beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanır.
İkitərəfli əməkdaşlıq sənədini "Sherg.az"a dəyərləndirən politoliq Tofiq Abbasov bildirib ki, informasiya təhlükəsizliyi, onun qorunması kimi məsələlər labüddür:
"Fevralın 22- də Azərbaycan və Rusiya Prezidentləri arasında birgə təhlükəsizlik və müttəfiqlik bəyannaməsi imzalandı. Bəyannamə 43 bənddən ibarətdir. Bəndlərin içində sözügedən məqamlara toxunulub.
İnformasiya vasitəsilə insanlarda yanlış fikirlər oyadırlar. İctimai fikir düzgün istiqamətdə yönəlmir. Bəzi dağıdıcı mərkəzlər mürtəce qüvvələrin iştirakı ilə dövlətlər arasına nifaq salmağa səy göstərirlər. Məhz Azərbaycanla Rusiya münasibətlərində ermənilərin fəaliyyətini diqqətə gətirək. Ermənilər bizi dünya miqyasında ölkəmizi bədnam etməyə, tərəflərarası gərginlik yaratmağa çalışırlar.
Azərbaycan tərəfindən Rusiyaya qarşı istiqamətlənmiş təhlükəli trendlər yoxdur. Rusiyaya hər hansı tənqidi baxış ola bilər. Lakin saxtakarlıqla yanlış məlumatları geniş kütləyə çatdırmaq ermənilərin işidir".
Analitikin fikirlərinə görə, sazişin icrası üçün hər iki tərəfin üzərinə məsuliyyət düşür:
"Rusiyanın dövlət informasiya agentliyi "RİA Novosti" qondarma Qarabağın "respublika" olması ilə bağlı "nazir"in müsahibəsini dərc etmişdi. Bu reallığı əks etdirməyən məqalədir. Guya, Qondarma Qarabağ Respublikası mövcuddur və onun “nazirləri” Azərbaycanın fəaliyyətindən ehtiyatlanırlar.
Azərbaycan qonşu dövlətlərə heç bir problem yaratmır. İnformasiya təhlükəsizliyinə dair razılaşmalara gəlmək ümidverici məqamdır. Amma sonrakı mərhələ icra prosesidir. Azərbaycan Rudiyanın etibarlı dostu, qonşusudur. Rus mədəniyyətinə, xalqına qarşı təhdidlər olmayıb. Ermənistanda isə rusfobiya baş alıb gedir. Proseslərin fonunda razılaşmaya gəlinibsə, sazişin tələblərinə riayət etmək, müddəalarını yerinə yetirmək lazımdır".
İnternet-media eksperti Səbuhi Abbasov isə “Sherg.az”a açıqlamasında söyləyib ki, iki ölkə arasında imzalanan saziş sağlam niyyətə əsaslanır:
"İnformasiya boşluğu və texniki təhlükəsizlikdən söhbət gedir. Dünyanın inkişaf etmiş ölkələri belə təhlükəylə üzləşirlər. Müəyyən həssas situasiyalarda isə boşluqlar üzə çıxır. 44 günlük müharibə başa çatsa da, informasiya cəbhəsində müharibə bitməyib.
Dövlətin strateji qurumlarının informasiya təminatını həyata keçirən saytlara kiber hücumlar təşkil olunur.
Həmçinin ölkəmizlə bağlı qərəzli, cəmiyyətdə çaşqınlıq yaradan informasiyalar yayırlar.
II Qarabağ müharibəsində və sonrakı dönəmdə Rusiya mətbuatında çirkin oyunlar oynadılar. Onların arxasında təbii ki, erməni lobbisi dayanırdı. Lakin hücumlar Rusiyadan edilirdi. Rusiyanın bəzi media qurumlarında Azərbaycanda informasiya çaşqınlığı yaratmaq məqsədilə qərəzli yazılar dərc olunurdu. Hər biri kiber təhlükəsizliyə aiddir".
S.Abbasov deyib ki, sazişdə tərəflərin maraqlarının təmini baxımından informasiya təhlükəsizliyi ilə əlaqəli nüanslar göstərilib. Onun qənaətincə, Azərbaycan digər inkişaf etmiş dövlətlərlə də, belə saziş imzalamalıdır:
"Zamanla icra mexanizminin necə aparıldığını görəcəyik. Azərbaycan söz, mətbuat azadlığını əsas götürür. Belə həssas sahədə informasiya təhlükəsizliyi elementlərini tapmaq, zərərsizləşdirmək peşəkar yanaşma tələb edir.
Biz heç bir halda başqa ölkənin daxili işlərinə, xarici siyasətinə qarışmırıq. İnformasiya şəbəkələrinə müdaxilə etmək niyyətimiz də yoxdur. Ölkəmizə qarşı neqativ addımlar atılsa da, Azərbaycan adekvat cavab vermək əvəzinə, sağlam əməkdaşlıq yolunu seçir. Dövlətlərlə müqavilə imzalayaraq təhlükənin müəyyən qismini aradan qaldırmaq mümkündür.
Sözügedən müqavilə zamanında imzalanıb. Prosesin icrasına peşəkar yanaşılmalıdır. Əks halda qarşılıqlı şəkildə pozuntular olar , xoşagəlməz nəticələr yaranar".