“Bəzi vətəndaşların koronavirusa qarşı vaksin olunmaq istəməməsi və ya saxta vaksin pasportu almaq cəhdləri məlumatsızlıqdan irəli gəlir”.
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, ölkədə vaksinasiya prosesinə start verilərkən bəzi mənşəyi bilinməyən saytlarda və sosial şəbəkələrdə peyvənd əleyhinə kampaniya aparıldı.
Millət vəkili qeyd edib ki, Azərbaycan COVID-19-a qarşı vaksinasiya prosesinə ilk başlayan və vətəndaşına həssaslıqla yanaşan ölkələrdən biridir.
“Vətəndaşlarımız indiki halda dövlətin xüsusi yanaşmasını, xüsusi qayğısını dərk etməli və vaksinasiya prosesinə həssas yanaşmalıdır. Vətəndaşların sağlamlığının üstün tutulması üçün insanlar da prosesə dəstək verməlidir, bunu əməldə göstərməlidir”, - deyə B.Məhərrəmov bildirib.
Deputat əhalini vaksinasiya prosesində fəal iştirak etməyə çağırıb:
“Vaksinasiya prosesində dövlət hər hansı maddi maraq güdmür. Vaksinasiya əhalinin sağlamlığı üçündür, milli təhlükəsizliyimizin, milli genefondumuzun qorunmasına yönələn prosesdir”.
Milli Məclis üzvü bəzi tibb işçilərinin vətəndaşlarla əlbir olaraq saxta vaksin pasportu vermələrini pisləyib.
“Pandemiyanın tüğyan etdiyi zamanlarda həkimlərimiz fədakarlıq göstərdilər, bəziləri ailələrinin üzünü aylarla görmürdü. İndi isə bəzi həkimlərin xoşagəlməz addımlarını görürük, bu, tibb adına ləkədir”, - deyə B.Məhərrəmov fikrini yekunlaşdırıb.