İspaniyanın “Barselona” klubu 2029-cu ildə keçiriləcək UEFA Çempionlar Liqasının final matçına ev sahibliyi etmək üçün rəsmi müraciət edib.
Teleqraf xəbər verir ki, Kataloniya təmsilçisi Barselona şəhər meriyası, Kataloniya hökuməti və İspaniya Kral Futbol Federasiyasının (RFEF) dəstəyi ilə UEFA-ya namizədlik sənədlərini təqdim edib.
Klubun açıqlamasına görə, müraciət paketinə UEFA-nın tələb etdiyi bütün texniki, hüquqi və təşkilati sənədlər daxil edilib. Həmçinin yenilənmiş “Kamp Nou” stadionunun və Barselona şəhərinin turnirin həlledici oyununu qəbul etmək imkanlarını təsdiqləyən zəmanətlər də təqdim olunub.
Bununla da namizədlik prosesi rəsmən başa çatıb. UEFA yaxın aylarda müraciətləri qiymətləndirəcək və 2029-cu il Çempionlar Liqasının finalına ev sahibliyi edəcək şəhəri müəyyənləşdirəcək.
Qeyd edək ki, “Barselona” sonuncu dəfə 2015-ci ildə Çempionlar Liqasının qalibi olub.