Dünya Kubokunda ulduz futbolçunu milli komandanın düşərgəsinə buraxmadılar

2026-cı il Dünya Kuboku üçün ABŞ-da olan İspaniya millisinin hücumçusu Borja Iglesias maraqlı hadisə ilə üzləşib.

Sherg.az xəbər verir ki, təcrübəli futbolçu komandanın düşərgəsinə daxil olmaq istəyərkən təhlükəsizlik əməkdaşı tərəfindən saxlanılıb. Mühafizəçi onu tanımadığı üçün Iglesiasın “Mən milli komandanın futbolçusuyam” deməsinə baxmayaraq, girişinə icazə verməyib.

Qısa müddət qapıda gözləyən futbolçu daha sonra milli komandanın rəsmiləri ilə telefonla əlaqə saxlayıb. Yalnız bundan sonra onun şəxsiyyəti təsdiqlənib və düşərgəyə daxil olmasına icazə verilib.

Hazırda "Selta Viqo" klubunun formasını geyinən 33 yaşlı futbolçunun başına gələn bu hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilər təhlükəsizlik əməkdaşının tanınmış futbolçunu tanımamasını günün ən maraqlı hadisələrindən biri kimi qiymətləndiriblər.