Joao Neves: Ronaldo komandanın digər üzvlərindən fərqlənmir

Portuqaliya millisinin yarımmüdafiəçisi João Neves komanda yoldaşı Cristiano Ronaldo haqqında diqqətçəkən fikirlər səsləndirib.

Sherg.az-ın məlumatına görə, Neves bildirib ki, Ronaldonun dünya futbolu və Portuqaliya millisi üçün xidmətləri danılmazdır. Bununla belə, hazırda o da digər futbolçular kimi komandaya kömək etmək üçün mübarizə aparan oyunçulardan biridir.

“Kristiano Ronaldonun millimiz və dünya futbolu üçün etdiklərini hamımız bilirik. Ancaq indi həm o, həm də biz bilirik ki, o, fərqli biri deyil. O da sadəcə komandaya kömək etmək üçün burada olan futbolçudur”, – deyə Neves vurğulayıb.

Gənc futbolçunun bu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Məlumata görə, azarkeşlər arasında müxtəlif reaksiyalar doğuran fikirlərlə bağlı minlərlə şərh paylaşılıb.