“Öz əməlimlə, öz işimlə həmişə verdiyim sözün üstündə durmuşam” - Ayxan Abbasov

  • FUTBOL ÜZRƏ AZƏRBAYCAN MİLLİ KOMANDASININ BAŞ MƏŞQÇİSİ: “TALEYİN GƏRDİŞİNƏ BAXIN, FUTBOLÇU KİMİ KƏNARDA QALDIĞIM MİLLİNİN İNDİ BAŞ MƏŞQÇİSİYƏM”

“Biz futbolçu olanda öz aramızda deyirdik ki, karyeramızı bitirəndən sonra bizneslə məşğul olacağıq. Heç kim məşqçiliyi istəmirdi. Çünki yerli məşqçilərə güvən, etibar yox idi. Əksər klublar komandanın başına əcnəbi mütəxəssis gətirirdilər. O vaxt “məşqçi olmaram” deyənlərin əksəriyyəti indi bu peşəni seçiblər...”

Bu sözlər futbol üzrə milli komandamızın baş məşqçisi Ayxan Abbasova məxsusdur. İstər futbolçu, istərsə də məşqçi olduğu dövrdə sadəliyi, təvazökarlığı ilə seçilən Ayxan Abbasovun 45 yaşı tamam olur. Düşündük ki, ad günü ərəfəsində söhbətləşmək, millimizin baş məşqçisini futbol azarkeşlərinə bir qədər də yaxından tanıtmaq üçün əla məqamdır...

Ayxan Abbasov 1981-ci il avqustun 25-də Bakıda ziyalı ailəsində dünyaya gəlib. Atası Fərzux kişi, anası Hərgül xanım riyaziyyat müəllimi olublar. Əslən Qərbi Azərbaycandan, Zəngibasar rayonunun Zəhmət kəndindəndirlər. Lap körpə olanda bir neçə dəfə Zəhmətə gedib, indi qaranlıq yadındadır. 1988-ci ildə hamı kimi Abbasovlar da doğma yurd-yuvalarından didərgin düşüblər. Buzovnada məskunlaşan ailədə 2 uşaq böyüyüb – Ayxan və ondan bir yaş kiçik bacısı. Müəllim övladlarından daha çox nə tələb edər? Təbii ki, oxumaq. Buzovnadakı 26 saylı məktəbdə təhsil alıb.

Daha sonra 1996-cı ildə Bədən Tərbiyəsi Akademiyasına qəbul olunub. Yəni valideynlərinin istəyini yerinə yetirib. Həm də futbolçu olub.

Həyatın çətinliklərinə hələ uşaqlıqdan alışıb. 90-cı illərin həyatında ən ağır dövr olduğunu deyir. İnsanların, o cümlədən, müəllimlərin yaşayışı çətin idi və Fərzux kişi məcburiyyətdən ailəsini kiçik bizneslə dolandırmağa çalışıb. Ayxan boş vaxtlarını dəniz qırağında, bir də topla keçirirmiş. Topsuz günü olmayıb. Özü də yaşıdlarından fərqlənirmiş. Zəngibasara gedəndə babasına deyirmiş ki, qapıda dayan, qol vurum. O boyda məktəb direktoru, kənddə böyük hörmət sahibi olan Mustafa kişi də bir uşağın sözü ilə dayanırmış qapıda. Deyirlər ki, nəvə baldan şirin olur axı.

Babası Mustafa kişi ilə bağlı maraqlı bir əhvalatı da nəql edim. Deməli, Ayxanın 7 yaşı olanda evlərində xeyir iş var imiş. Həmin gün Ayxan oyuna getməliymiş. Valideynləri icazə verməyiblər və uzun “ağlaşma”dan sonra babası Mustafa kişinin ürəyi dözməyib, nəvəsini götürüb aparıb oyuna. Ayxan həmin gün necə oynayıbsa, babasını valeh edib. Hələ bir qol da vurub. Evə dönəndə Mustafa kişi oğluna tapşırıb ki, uşaqdan muğayat olun, bundan yaxşı futbolçu çıxacaq. Bir də nəvəsinə vəsiyyət edib: futbolçu olsan, dünyamı dəyişsəm, qəbrimin üstündə top çiləyərsən. Ayxan futbolçu olana kimi Mustafa kişi həyatdan köçüb. Bir gün nənəsi Zivər xanım deyib ki, Ayxan, topu da götür gedək babanın qəbrini ziyarətə. “Topu niyə?” - deyə, Ayxan soruşub. Zivər nənə cavab verib ki, kişi o vaxt vəsiyyət eləmişdi, futbolçu olmusan, indi babanın vəsiyyətini yerinə yetir...

Ayxangilin məhləsində cəmi üç azərbaycanlı ailə yaşayıb. Qalanları tatar və ruslar olub. 7 yaşı olanda qonşusu Samirin təklifi ilə futbola yazılıb. Valideynləri razı olmasalar da, qadağan da etməyiblər. Beləcə, 23 illik futbolçu həyatı başlayıb. İlk məşqçisi Boris Tibilov Rusiyaya – “Saxalin”ə getdiyindən komanda İlham Qurbanova tapşırılıb. Məşhur SDYSŞOR-da oynayıb, Bakı birinciliyində. Futbol məktəbinin adının açması belədir – Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatı Uşaq-Gənclər İdman Məktəbi: “O vaxt kəndlər arasında cəmi 1 komanda var idi. O da Buzovnada. 15 yaşına kimi Əzizbəyov (indiki Xəzər – red.) rayonunu təmsil edən bu komandada oynadım. Sonra komanda dağıldı və Böyükağa Abbasov məni Aftandil Hacıyevlə birlikdə Futbol Gənclər Məktəbinə dəvət etdi. Bakı birinciliyini qazandıqdan sonra mənim də, Aftandilin də yolu milliyə açıldı. Aftandilin adını elə-belə çəkmədim, ən yaxın dostumdur. Lap uşaqlıqdan bir yerdə böyümüşük, həyatda bütün addımları birgə atmışıq. Qardaşım yoxdur, amma Aftandil mənə qardaşdan da irəlidir”.

Dediyinə görə, dəcəl uşaq olub. Bir dəfə gilas oğurluğu edəndə qarovulçunun güdazına gedib. Qaçanda ayağına ağac batıb və bir neçə ay axsayıb. Amma futboldan uzaq düşməyib. 7-ci sinifə kimi yaxşı oxuyub. Soyadı başına bəla olub. Jurnalda adı birinci yazıldığına görə lövhə qarşısına birinci çıxırmış. Bu üzdən məcbur olub dərslərə hazırlıqlı gedirmiş. 8-ci sinifdən sonra müəllimlər Ayxandakı istedadı, millilərə çağırıldığını görüb ona güzəşt ediblər. Hətta 10-11-ci sinifdə onun yerinə sinif rəhbərləri Sevil müəllimə “oxuyub”.

“Xəzri”dən başlayan yol

“Xəzri”dəki ilk oyunu yaxşı yadındadır. 1997-ci ilin söhbətidir. O vaxt qaydalarla aşağı yaş qruplarının tutduqları yerlərə görə əsas komandaya əlavə xal verilirdi. Məhz həmin qərardan sonra Premyer Liqadakı bütün klublar aşağı yaş komandaları yaratdılar. Bu qərar həm də Ayxanın gələcək karyerasında növbəti pillə idi. “Xəzri”nin 16 yaşlılarının baş məşqçisi Ələkbər Cəfərov Ehtiyat Əmək Qüvvələrindən, Futbol Gənclər Məktəbindən buzovnalı uşaqları bir yerə yığıb. Aralarında 15 yaşlı Ayxan da var imiş: “Əsas komandanın baş məşqçisi isə rəhmətlik Rəşid Özbəyov idi. “Bakı fəhləsi” ilə oyundan əvvəl komanda çətin düruma düşmüşdü. heyətdə cəmi 11 futbolçu qalmışdı. Qalanları ya cəzalı idi, ya da zədəli. Rəşid müəllim məni düşərgəyə çağırdı. Üstəlik, qaydalara görə əsas heyətə gedən futbolçu geri qayıda bilməzdi. Fuad Musayevin icazəsindən sonra əsas komandaya qoşuldum və “Bakı fəhləsi” ilə oyunun ikinci hissənin ortalarında İmamxan Sultanini əvəzlədim. Yüzlərlə azarkeşin qarşısında oynamaq o qədər həyəcanlı idi ki... Azər İsayevin qolu ilə qalib gəldik. Futbolda ilk qazancımı bu oyundan sonra aldım – 100 dollar. Həmin pulun bir hissəsini evə bazarlıq etdim. Qalanını isə Nadir Qasımovun rəhbərliyi ilə millinin heyətində getdiyimiz Samsunda özümə kaşimir palto və “traktor” ayaqqabı aldım”.

Millidən söz düşmüşkən Ayxan Abbasov ilk dəfə 1995-ci ildə U-15 millisində debüt edib. İlk səfəri uğurlu alınıb. İspaniyanın Malqrat de Mar şəhərindəki beynəlxalq turnirin qalibi olublar. 1 il sonra U-16 millisi ilə İtaliya səfəri isə yaxşı alınmayıb. Komandamız Avropa çempionatının seçmə mərhələsində ilk oyunda Antonio Kassanolu İtaliya ilə qolsuz bərabərliyə qalsa da, Rumıniya və Rusiyaya minimal hesabla məğlub olub. Daha sonra müxtəlif vaxtlarda Şahin Diniyev, Əsgər Abdullayev və digərlərinin rəhbərliyi altında olimpiya yığmasına kimi bütün yaş qrupu millilərin daimi üzvünə çevrilib.

1998-ci ildə “Xəzri” fəaliyyətini dayandırdıqdan sonra Ayxan Abbasov karyerasını U-18 millisində davam etdirməyə başlayıb. Bundan 3 il əvvəl Fuad Musayevin təşəbbüsü ilə yaradılan U-18 əvvəlcə Həvəskarlar Liqasında çıxış edib. 1996-97-ci illər mövsümündə isə birbaşa Premyer Liqaya qaldırılıb. Əslində, çox gözəl bir layihə idi və həmin komanda Azərbaycan futboluna neçə-neçə məşhur sima bəxş etmişdi. Milliyə namizəd potensiallı futbolçular hamısı məşqçilərin – Vaqif Sadıqov, Şahin Diniyev, Şakir Qəribov, Əsgər Abdullayev, Yaşar Vahabzadənin nəzarətində idi. Ümumiyyətlə, Fuad Musayev təzadlı insan idi. Federasiya prezidenti olduğu dövrdə bir çox qərarları mübahisə doğursa da, futbolumuz adına çox işlər gördüyünü danmaq olmaz. Həmin layihələrdən biri də “Şəfa” idi: “Məhdud imkanlarla belə böyük iş görmək hər kəsin bacardığı iş deyil. Hətta bir ara imkansızlıqdan futboldan ayrı düşdüm. Zarafat deyil, hər gün Buzovnadan millinin məşq keçdiyi Sumqayıta gedib-qayıtmaq həm əziyyət idi, həm də məsrəf. Amma yenə də Fuad müəllimin buzovnalı futbolçulara yol pulu ayırmasından sonra komandaya qayıtdım. “Şəfa” Premyer Liqada oynayanda vəziyyətimiz xeyli düzəldi. 300 dollara kimi maaş alırdıq. O dövr üçün yaxşı pul idi”.

Ayxan Abbasov “Şəfa”da 2004-cü ilə kimi çıxış edib. 2000-2001-ci illər mövsümündə “Şəfa” ilə Azərbaycan Kubokuna sahib çıxıb. Ali təhsilini başa vurduqdan sonra isə hərbi xidmətlə əlaqədar MOİK-ə göndərilib. Amma “Şəfa” avrokuboklara çıxdığından yenə də Fuad Musayevin sayəsində Emin İmaməliyev, Aftandil Hacıyev və Ayxan Abbasov “Şəfa”nın heyətində Sloveniyanın “Olimpiya” (Lyublyana) komandasına qarşı hər iki oyunda oynayıb. Yeri gəlmişkən, “Şəfa” hər 2 qarşılaşmada böyük hesabla məğlub olub – 0:4, 0:3.

“Futboldan uzaqlaşıb bizneslə məşğul olmaq fikrinə düşmüşdüm”

Statistikaya fikir versək, Ayxan Abbasov MOİK-də cəmi 8 oyunda iştirak edib. Səbəbi karyerasında aldığı ən böyük zədə olub. “Kəpəz”lə səfər oyununda Etibar Xitarinin üzündən sol ayağının incik sümüyü sınıb. Hətta səs bütün stadiona yayılıb, Ayxan bir anlıq özündən gedib. Bərpa prosesi uzun çəkib. 3 aylıq müalicədən sonra yeni-yeni özünə gəlirmiş ki, Azərbaycanda futbol dayanıb: “Hərbi xidmətdən sonra bir müddət işsiz qaldım. Dəniz sahilində həm müalicəmi davam etdirirdim, həm də imkan tapdıqca futbol oynayırdım ki, formada qalım. Hətta bir ara futboldan uzaqlaşıb bizneslə məşğul olmaq fikrinə düşmüşdüm. Özü də bu sahədə müəyyən təcrübəm var idi. Dayılarım ticarətlə məşğul idilər, ara-sıra onlara, həmçinin, meyvə-tərəvəz satışı ilə ailəmizi dolandıran atama kömək edirdim. Amma dayımın məsləhəti və dəstəyi ilə futbolda qaldım. İlyarımdan sonra çempionat bərpa olundu, Əsgər Abdullayevin dəvəti ilə “Şəfa”ya qayıtdım. Həm də U-21-də çıxışımı davam etdirdim”.

Yubilyarımızın futbolçu karyerasında növbəti mərhələ 2004-cü ildə başlayıb. İlyarım “Turan”da, ilyarım da “İnter”də oynadıqdan sonra “MKT Araz”a keçib. Çempionat başlayana kimi UEFA Kubokunda Polşanın “Qutnik” komandası ilə oyunlarda (0:0, 0:1) iştirak edib. Komanda mərhələ adlamayıb və birinciliyin startına 1 həftə qalmış “MKT Araz” dağılıb. 1-2 aylıq boşluqdan sonra Rasim Karanın dəvəti ilə “Qarabağ”a keçib. 4 il Ağdam təmsilçisinin şərəfini qoruduqdan sonra 2011-ci ildə “Turan”a qayıdıb və 2012-ci ildə - 30 yaşında karyerasını bitirib. Bəs niyə belə tez? 1 dəfə “Xəzri”, 2 dəfə isə “Qarabağ”la bürünc medallara sahib çıxmış Ayxan Abbasov qərarını belə izah etdi: “Peşəkar karyeramı bitirməyimə əsas səbəb ardıcıl aldığım zədələr oldu. O vaxtlar tibb indiki kimi inkişaf etməmişdi. Zədəli futbolçular çox vaxt ciddi müalicə əvəzinə ağrıkəsicilər vasitəsilə “sağaldılırdılar”. Bu üsul bir çox futbolçuların - Fərrux İsmayılov, Zaur Tağızadə, Kamal Quliyev, Emin Quliyev və digərlərinin məcburiyyətdən karyeralarını erkən bitirmələrinə gətirib çıxardı. Həm də başqa bir maraqlı məqam var idi. Əksər məşqçilər yaşı 30-u keçmiş futbolçuları “qoca” sanıb heyətə götürmürdülər. Onların fikrincə, mən də qocalmışdım”.

Futbolçu kimi 7 fərqli komandada çıxış edən Ayxan Abbasov Premyer Liqada ümumilikdə 242 oyunda meydana çıxıb, 7 qol vurub. Az qol vurmasının səbəbini bir qədər sonra özü açıqlayacaq. Azacıq irəli gedərək məşqçilik dövrünün rəqəmlərini də qeyd edim – 4 komanda, 264 oyun, 83 qələbə, 73 heç-heçə, 108 məğlubiyyət. Hələlik 9 oyunda milli komanda onun rəhbərliyi altında meydana çıxıb – 2 qələbə, 2 heç-heçə, 5 məğlubiyyət və beynəlxalq turnirin qalibi...

Ayxan Abbasov 25 yaşında ailə həyatı qurub. 4 qızı var. Deyir ki, ilk 2 övladının necə böyüdüyünü hiss eləməyib. Məşqçi kimi daha çox bölgə klublarında çalışdığından uşaqlara lazımi diqqət ayıra bilməyib. İndi imkan tapan kimi vaxtını ailəsi ilə keçirir.

“Həyatda boyuma görə heç vaxt kompleks yaşamamışam”

- Karyeranda az qol vurmusan...

- Cinahda oynadığım üçün. Əsas işim qol ötürməsi vermək idi. Bunu da yaxşı bacarırdım. Az da olsa, qol sevinci yaşamışam. Ən yaddaqalanları “Şəfa”da bir oyunda “Kəpəz”ə 2 qol vurduğumdur. 1997-98-ci illər mövsümünün 2-ci turu idi. Düzdür, həmin oyunu 2:6 hesabı ilə uduzduq. Amma güclü “Kəpəz”lə oyunda dubl etmək böyük uğur idi. Özü də səhv etmirəmsə, bu, “Şəfa”da ilk dubl idi. U-15 millisində oynayanda İspaniyadakı turnirin finalında vurduğum qolu da heç vaxt unutmaram. Həmin qolla qalib gəlmiş və birinci olmuşduq. Hə, bir də “Turan”da “MKT Araz”a vurduğum qol mövsümün ən yaxşı 10 qolundan biri seçilmişdi.

- Bəstəboy olmağın həyatda və futbolda sənə çox problem yaradıb?

- Deməzdim. Futbolda boy önəmlidir. Bəstəboy olmağım problem yox, çətinliklər yaradıb. Uşaq vaxtı bəzi məşqçilər müəyyən məqamlarda mənə ikinci dərəcəli futbolçu kimi yanaşıblar. Amma oyunumla bu çatışmazlığı sığortalamışam. Həyatda isə heç vaxt boyuma görə kompleks yaşamamışam.

- Hansı hücumçularla oynamaq daha rahat idi?

- “Turan”da Kənan Kərimovla, “Şəfa”da Sənan Qurbanovla... Sənan 1 mövsüm “Şəfa”da 9 qol vurmuşdu, 7 ötürmə məndən getmişdi. Hər ikisinin bitiriciliyi əla idi. Həm də bir-birimizlə yaxşı anlaşırdıq.

- Bəs kimə qarşı oynamaq çətin olub?

- Onlarla futbolçuya qarşı oynamışam. Amma ikisinin adını çəkəcəm. Biri “Karvan”dakı Qoça Trapaidze idi. Bir də “Şəfa”da olanda “Şəmkir”li Badri Kvaratsxeliya. O səviyyədə olan legionerə qarşı oynamaq biz gənclərə əlavə motivasiya verirdi.

- Ayxan Abbasov legioner həyatı yaşamayıb...

- İki dəfə ölkə xaricindən ciddi təklif almışdım. 23 yaşımda Ukraynanın “Zarya” və İranın “Maşınsazi” komandaları məni heyətində görmək istəyib. O vaxt “Maşınsazi”nin baş məşqçisi rəhmətlik Böyükağa Hacıyev idi. Hətta sənədlərimi də götürmüşdü. Amma nədənsə nə Ukrayna, nə də İran variantı alındı. Ondan sonra “Turan”a keçdim.

- Karyeranda hansı komanda sənə daha doğmadır?

- 3 komanda - “Şəfa”, “Turan” və “Qarabağ”. “Şəfa” bizim futbolçu olmağımıza təkan verdi. “Turan” məndə özünəinam yaratdı. Tovuzda futbol adına çox şey gördük. Möhtəşəm azarkeşlər, əla kollektiv, gənclərlə təcrübəli futbolçuların sintezi. Bir gənc üçün əsl futbol məktəbi idi. Nəhayət, “Qarabağ”da məşqçilik, düzgün idarəetmə ilə bağlı böyük təcrübə qazandım. 3 il Qurban Qurbanovun rəhbərliyi altında oynadım. İnanın ki, ondan həm həyatda, həm də futbolda çox şey öyrəndim.

“Sumqayıt”dan təklif gələndə çox adam mənə dedi ki...”

- Məşqçiliyi seçməyinin səbəbkarı deyəsən, Qurban Qurbanov olub...

- Biz futbolçu olanda öz aramızda deyirdik ki, karyeramızı bitirəndən sonra bizneslə məşğul olacağıq. Heç kim məşqçiliyi istəmirdi. Çünki yerli məşqçilərə güvən, etibar yox idi. Əksər klublar komandanın başına əcnəbi mütəxəssis gətirirdilər. O vaxt “məşqçi olmaram” deyənlərin əksəriyyəti indi bu peşəni seçiblər. Bu da yerli mütəxəssislərə inamın artmasından irəli gəlir. Qurban Qurbanovun “Qarabağ”la qazandığı uğurlardan sonra yerli məşqçilərə münasibət kökündən dəyişdi. Samir Əliyev, Tərlan Əhmədov, Ramiz Məmmədov və digərləri ondan sonra normal işləyə bildilər.

Bəli, məşqçiliyi seçməyimin səbəbkarı Qurban Qurbanovdur. Karyeramı bitirdikdən bir neçə ay sonra Elçin Rəhmanov zəng elədi ki, Qurban müəllim səni çağırır. Mənə akademiyada işləmək təklif olundu. 2013-cü ilin martında koordinator köməkçisi təyin edildim. Avqustda isə U-16 komandasını mənə tapşırdılar. Beləcə, məşqçilik həyatım başladı. Daha sonra Adil Şükürovun dəvəti ilə “Zirə”yə köməkçi məşqçi getdim.

- Məşqçilik karyeran demək olar ki, hamıya məlumdur. Sualım bir qədər fərqli olacaq. 4 komandanı çalışdırmısan. Hansı sənə daha yaxın gəlir?

- Tam səmimi deyirəm, hamısı. Bütün komandalarda nəsə öyrənmişəm, böyük təcrübə qazanmışam. Əsas odur ki, uğursuz olmamışam. “Zirə”də avrokuboklara vəsiqə qazanmışdıq. “Sumqayıt”da kubokun finalına çıxdıq, komanda tarixində ilk dəfə bürünc medalları götürdü. “Turan”da, “Şamaxı”da böyük işlər gördük...

- Amma uğurlu məşqçi “Şamaxı” xaric ya istefaya göndərilib, ya da istefa verməyə məcbur edilib.

- Hamısının səbəbləri var. “Zirə”dən başlayım. Çempionat başlamazdan əvvəl məqsədimiz azı 4-cü yeri tutmaq idi və bunu bacardıq. Bu pillə böyük ölçüdə avrokuboklara qatılmağa imkan verir. Çünki adətən ilk 3 yerdə qərarlaşan komanda həm də kuboku götürür. Gəl ki, həmin mövsüm kubokun finalında “Qəbələ” “Keşlə”yə 0:1 hesabı ilə məğlub oldu və biz avrokuboklardan kənar qaldıq. Yeni mövsümün ilk 2 turundan sonra rəhbərliklə fikir ayrılığı üzündən istefaya göndərildim.

“Sumqayıt”dan təklif gələndə mənə çox adam dedi ki, ora getmə. Amma içimdə fərqli hiss var idi, “Sumqayıt” nədənsə mənə çox doğma gəlirdi. Klubun prezidenti Riad Rəfiyevlə görüşdən sonra ağır durumda olan komandanı götürdüm. “Sumqayıt” çempionata uğursuz başlamışdı və elitadan düşmək təhlükəsi var idi. Həmin mövsüm biz kubokun finalına çıxdıq. 1/4 finalda “Neftçi”ni, yarımfinalda isə köhnə komandam “Zirə”ni keçdik. Təəssüf ki, finalda “Qəbələ”yə minimal hesabla məğlub olduq. Növbəti mövsüm isə daha döyüşkən kollektiv qura bildik və nəticədə “Sumqayıt” 3-cü yeri tutdu. Komanda Avroliqada 2 mövsüm çıxış etdi. Doğrudur, hər iki halda ilk mərhələdə “ilişdi”. Bunun da səbəbləri var idi. 2020-ci ildə - pandemiya dövründə Şimali Makedoniyanın “Şkendiya”sı ilə cəmi bir oyun oynadıq – 0:1. Növbəti mövsüm isə Serbiyanın “Çukariçki” komandasına yenildik – 0:0, 0:2. Həmin vaxt komandanı əksər aparıcı futbolçular tərk etmişdi. Belə bir vəziyyətdə məlhələ adlamaq çətin idi. Çempionatın gedişində komanda 6-cı pillədə idi və rəhbərliklə fikir ayrılığı üzündən komandanı tərk edim. Ancaq “Sumqayıt”da olduğum dövrdə böyük işlər gördük. Klubun tarixində ilk dəfə kubokun finalı, bürünc medallar, eyni vaxtda milliyə 10 futbolçunun çağırılması... Məgər bunlar uğur deyil?

“Turan”da da demək olar ki, eyni vəziyyət yaşandı. Ora Nadir Nəbiyevin dəvəti ilə getmişdim. Yaxşı kollektiv yaratdıq. “Turan” Premyer Liqaya yenicə yüksəlmişdi. Köhnə heyətdən 14 futbolçu saxladıq, 11-12 yerli futbolçu gətirdik. AFFA-nın verəcəyi 3 milyon gecikirdi. Pul gəlməmişdi, amma onun üstündə klub daxilində “qırğın” gedirdi. Hətta elə bir vəziyyət yaranmışdı ki, çempionatın startına az qalmış istefa vermək istəyirdim. Hər halda çətinliklərə rəğmən, işə başladıq, yaxşı transferlər etdik. Runi Eva, Natan Oduva, Denis Marandiçi, Xəyal Əliyev və digərləri.

Məqsədimiz komandanı Premyer Liqada saxlamaq idi və bunu qışda qarantilədik. Sonradan “Hünər Group” gəldi, klubun prezidenti Ehtiram Quliyev oldu. Məqsədimiz akademiyanı qurmaq, 3 ilə möhkəm komanda yaratmaq idi. Hər şeyin normal getdiyi bir vaxtda rəhbərliklə aramızda fikir ayrılığı yarandı. Avrokuboklara addım-addım yaxınlaşmağı hədəfləmişdik. Hər şey də plan üzrə gedirdi. Üzərimə götürdüyüm bütün öhdəlikləri yerinə yetirməyimə baxmayaraq, Ehtiram müəllim dedi ki, səninlə işləmək istəmirik. Düzü, mənə çox pis təsir elədi. İlyarım olduğum müddətdə “Turan”da böyük işlər görmüşdük. Tovuz klubundan ayrıldıqdan sonra mənə “Şamaxı” təklif göndərdi. Düzü, hər şeyi yenidən başlamaq mənə bir qədər ağır gəlirdi. Amma əlimizi daşın altına qoyduq, işə başladıq. İki ildə az büdcə ilə döyüşkən komanda qura bildik. Daha çox nəyə sevinirəm? Azərbaycan futboluna neçə-neçə gənc futbolçu qazandıra bildik. Rüfət Abbasov, Edqar Adilxanov, Oruc Məmmədov... Əslində, hamısı futbolda var idi. Biz onlara özlərini göstərmələrinə şərait yaratdıq, tramplin rolunu oynadıq. Yerli, gənc futbolçuları üzə çıxaranda məşqçi kimi daha çox zövq alıram. Ümumiyyətlə, bunu işlədiyim bütün klublarda etmişəm. Sözümün canı budur ki, kimisə pis vəziyyətdə qoymamışam, öz əməlimlə, öz işimlə həmişə verdiyim sözün üstündə durmuşam, heç kimin qarşısında gözükölgəli deyiləm. “Şamaxı” mənim üçün böyük təcrübə oldu. Həm də ilk dəfə idi ki, bir klubdan xoşluqla ayrıldım.

“Bütün yaş qruplarında oynamışam, amma əsas milli komandada çıxış etmək nəsib olmayıb”

- Bəs milliyə gəlişin necə oldu? Axı, Azərbaycanda təcrübəli mütəxəssislər çoxdur, əksəriyyətinin gözü də millidədir.

- “Şamaxı”da işləyəndə elə oldu ki, U-21-dən təklif aldım. Həm AFFA-nın, həm də “Şamaxı” rəhbərliyinin razılığı ilə hər iki komandada eyni vaxtda işləməyə başladım. U-21-in 9-10 üzvü “Şamaxı”da idi. Bu da mənim U-21-ə təyin olunmağımda vacib rol oynadı. İki il idi milli komandamız qalib gələ bilmirdi. Bizim gəlişimizdən sonra Moldovanı məğlub etdik, Makedoniya, Çernoqoriya ilə bərabərə qaldıq. Ötən il əsas milli İslandiyaya səfərdə 0:5 hesabı ilə məğlub olduqdan sonra Fernandu Santuş istefaya göndərildi və mənə komandanı qarşıdakı oyunlara hazırlamaq tapşırıldı.

- Bir qədər detallı olar?

- Baş katib Cahangir Fərəcullayev mənimlə söhbət elədi, fikirlərini bildirdi. Milli komanda elə bir yerdir ki, orada işləmək hər bir məşqçi üçün şərəfdir. O cümlədən mənim üçün. Düşünmədən razılıq verdim. Fikrim 1 gündə 2 oyunda qalmışdı. U-21 Bolqarıstanla, əsas milli isə Ukrayna ilə qarşılaşırdı. Gənclərə təlimatları verdikdən sonra, əsas millidə də futbolçularla söhbətim oldu. Psixoloji cəhətdən çox ağır vəziyyət idi. Sevinirəm ki, hər iki oyunda istəyimizə qismən çata bildik. Hər iki komanda heç-heçə oynadı.

- Ayxan Abbasov futbolçu kimi millidə çıxış etməyib...

- Əsas milliyə kimi bütün yaş qruplarında oynamışam, amma əsas milli komandada çıxış etmək nəsib olmayıb. Səbəbi sadədir – mövqeyimdə səviyyəli futbolçular çox idi – Zaur Tağızadə, Emin İmaməliyev, Rəşad Abdullayev, Mahir Şükürov, Kamal Quliyev... Bir dəfə milliyə çağırılmağa yaxın olmuşam. “Turan”da oynayanda əla formadaydım və əksəriyyət düşünürdü ki, Ayxan milliyə çağırılacaq. Hətta bildiyim qədər millinin o vaxtkı baş məşqçisi Karlos Alberto Torres Trinidad və Tobaqoya səfər ərəfəsində adımı siyahıya salmışdı. Gəl ki, son anda vəziyyət dəyişdi. Məncə, millidə oynamağı haqq etmişəm, amma qismət olmayıb. Taleyin gərdişinə baxın, futbolçu kimi kənar qaldığım millinin indi baş məşqçisiyəm.

- Məşqçi kimi ən unutmadığın oyun hansılardır?

- “Sumqayıt”da işləyərkən Azərbaycan Kubokunda “Neftçi” (2:0, 0:1) və “Zirə” (3:3, 0:0) ilə oyunlar. Millidə isə Ukrayna ilə 1:1-lik heç-heçə. Hətta ondan çox Fransa ilə səfər oyununu deyərdim. Baxmayaraq ki, 0:3 hesabı ilə məğlub olduq, ancaq uşaqlar sözün həqiqi mənasında vuruşdular. Möhtəşəm Fransa millisinə qarşı taktiki cəhətdən komanda əla mübarizə apardı.

- Futbolda ən çox kimə etibar edirsən?

- Ən çox futbolçulara. Olub ki, hansısa futbolçu inamımı itirib. Amma futbolçulara görə dəfələrlə rəhbərliklə üz-üzə qalmışam, tərəflərini verməmişəm.

- Ayxan Abbasova çox futbolçu tapşırılır?

- Məşqçiliyə başlayanda özümə söz vermişdim ki, tapşırıqla futbolçu götürməyəcəm. Sözümün üstündə də dayanıram. Biz aşağı yaş millilərində oynayanda biabırçı vəziyyət var idi. Komandalara bilirsiniz nə qədər “tapşırıq” gəlirdi? Bilirsiniz Fuad Musayev nə qədər belə futbolçunu qovub? Elə olurdu ki, həmin “tapşırıqlara” görə səfərə gedə bilmirdik. Bəzi məşqçilər 50 dollardan yığıb həmin uşaqları səfərə aparırdılar. Bir neçəsi dünyasını dəyişib, Allah günahlarını bağışlasın. Hətta bir dəfə Türkiyəyə aparılmadığım yadımdadı. Mənə çox pis təsir etmişdi.

Ayxan Abbasov “Sumqayıt”da çalışarkən həmkarımız Rəşad Məmmədova geniş müsahibə vermişdi. Əla söhbət alınmışdı, bu yazıda bəzi məqamlar təkrarlanır. Amma üstündən 6 il keçib, 45 illik yubiley ərəfəsində yaddaşı yeniləməyin, əlavələr etməyin vaxtıydı. Həmin müsahibədə diqqətimi bir məqam çəkdi. Rəşad Ayxan Abbasovdan məşqçilik karyerasında əsas hədəfini soruşub. O isə cavabında nə vaxtsa xaricdə işləmək, titullar qazanmaq istədiyini bildirib. Heç milli yada düşməyib. Bəlkə də o vaxt heç düşünməyib ki, nə vaxtsa millinin baş məşqçisi olacaq. Qarşıda komandamızı Millətlər Liqasında Lixtenşteyn və Litva ilə 4 oyun gözləyir. Milli ən aşağı – D qrupunda mübarizə aparır. Bu isə Azərbaycan adına təbii ki, yaraşmır. Məqsəd 1-ci yeri tutmaqla C qrupuna birbaşa yüksəlməkdir. Hətta 2-ci yerlə pley-offa düşmək belə bizlik deyil. Millimiz bunu bacaracaqmı? Şəxsən mən futbolçularımıza da, baş məşqçiyə də inanıram. Ayxan Abbasovun milli ilə müqaviləsi dekabrda bitir. Yenilənəcəyi ümidi ilə...

İlqar Tağıyev

 

Əsas millidə baş məşqçi

2025

9 sentyabr. DÇ. Bakı. Azərbaycan - Ukrayna 1:1

10 oktyabr. DÇ. Paris. Fransa - Azərbaycan 3:0

13 oktyabr. DÇ. Krakov. Ukrayna - Azərbaycan 2:1

13 noyabr. DÇ. Bakı. Azərbaycan - İslandiya 0:2

16 noyabr. DÇ. Bakı. Azərbaycan - Fransa 1:3

2026

27 mart. BT. Bakı. Azərbaycan – Sent Lusiya 6:1

30 mart. BT. Bakı. Azərbaycan – Syerra Leone 1:1, p.9:8

5 iyun. YO. Sombatxey (Macarıstan). Azərbaycan - Malta 0:2

319. 9 iyun. YO. Sombatxey (Macarıstan). Azərbaycan - San Marino - 2:1 

Avrokuboklarda baş məşqçi kimi

29.06.2017

Zirə - Differdanj (Lüksemburq)

2:0

06.07.2017

Differdanj (Lüksemburq) - Zirə

1:2

13.07.2017

Astra (Rumıniya) - Zirə

3:1

20.07.2017

Zirə - Astra (Rumıniya)

0:0

27.08.2020

Sumqayıt - Şkendiya (Şimali Makedoniya)

0:2

21.07.2021

Çukariçki (Serbiya) - Sumqayıt

0:0

29.07.2021

Sumqayıt - Çukariçki (Serbiya)

0:2