Paşinyan KTMT-dən çıxmaq istəyir, amma qərarın Rusiyadan gəlməsini gözləyir - ŞƏRH

  •  İrəvan-Moskva xəttində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzərindən informasiya savaşı gedir

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) gələcəyi ilə bağlı İrəvan və Moskvanın mövqeləri arasında fərq bir daha açıq şəkildə ortaya çıxıb. Ermənistan Baş naziri Nikol Paşinyan 2026-2031-ci illər üçün hökumət proqramının təqdimatı zamanı ölkəsinin qarşıdakı beş il ərzində KTMT-də fəaliyyətini aktivləşdirmək niyyətində olmadığını bildirib.

Paşinyan hətta Ermənistanın təşkilatdan çıxarılması qərarının qəbul ediləcəyi təqdirdə bundan məmnun qalacağını deyərək, belə bir addımın İrəvanı KTMT-dən çıxıb-çıxmamaq dilemmasından azad edəcəyini vurğulayıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Paşinyanın bu açıqlamasına münasibət bildirərək, Ermənistan rəhbərliyi təşkilata üzvlüyü artıq ölkənin milli maraqları baxımından zəruri hesab etmirsə, KTMT-dən çıxmaq qərarını özü verə biləcəyini söyləyib. Bu açıqlamalar İrəvanın KTMT-yə münasibətində mövqeyinin dəyişmədiyini, Moskvanın isə Ermənistanın təşkilatdan çıxması məsələsində qərarın birbaşa İrəvan tərəfindən verilməli olduğunu vurğuladığını göstərir.

Politoloq Oqtay Qasımov Sherg.az-a söyləyib ki, Ermənistan faktiki olaraq 2022-ci ilin noyabrından KTMT çərçivəsində fəaliyyətini dayandırıb:

“Hətta üzvlük haqqını belə ödəmir, bu təşkilatın tədbirlərinə qatılmır. Rusiya tərəfi Ermənistanı bu məsələdə mövqeyini dəqiqləşdirməyə və yekun qərar verməyə çağırış edir. Ermənistan tərəfi isə vəziyyətin dondurulmuş şəraitdə qalmasında maraqlıdır. Çünki hər iki tərəfin söylədiyi fikirlərdə öz maraqları və gələcəkdə təbliğat üçün istifadə etmək baxımından diqqətçəkən məqamlar var. Yəni Rusiya tərəfi Ermənistanın KTMT ilə bağlı qərarını özü verməsini istəyir. Bunu ona görə edir ki, Ermənistan KTMT-dən öz iradəsi ilə çıxarsa və Rusiya ona qarşı hansısa təzyiq mexanizmini işə salarsa, o zaman Ermənistan cəmiyyətində öz addımını əsaslandıra bilsin”.

Analitik əlavə edib ki, Paşinyan belə bir qərarın KTMT tərəfindən veriləcəyi halda məmnun qalacaq:

“Çünki Ermənistan KTMT çərçivəsində fəaliyyətini davam etdirmək istəmir və Paşinyan hakimiyyətinin gələcək perspektivdə də belə bir niyyətinin olduğu görünmür. Belə olacağı halda Paşinyan təbliğat üçün bildirəcək ki, əslində qərarı Ermənistan özü verməyib, bunu Rusiya tərəfi və KTMT özləri tərəfindən alınmış qərardır. Ermənistan da bu qərarlara hörmətlə yanaşır. Yəni bu nüansları nəzərə aldıqda burada bir az da təbliğat və informasiya mübarizəsinin getdiyini söyləyə bilərik”.