Qurbanov Nəriman haqqında: "Özüm də nə deyəcəyimi bilmirəm"

"İlk qollarda bir az diqqətsiz olduq. Sonra rəqibin ustalığı ön plana çıxdı. Buraxdığımız sonuncu qolda Elvin Cəfərquliyev daha diqqətli olmalı idi. Qarşılaşmanın sonlarında bəlkə də yorğunluq da var idi və sürətdə məğlub olduq".

"Report"un məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Niderland komandasına uduzduqları (2:4) UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyunu ilə bağlı deyib.

Onun sözlərinə görə, "Qarabağ" klubunun çox yaxşı qol şansları olub: "Amma yararlana bilmədik. Rəqib bizə nisbətən daha yaxşı yararlandı. Sonradan meydana girən futbolçulardan tam razı qalmadım. Daha yaxşı ola bilərdilər. Sadəcə, bu gün alınmadı".

Baş məşqçi Nəriman Axundzadənin oyununa da toxunub: "Onunla bağlı çox müzakirələr gedir. Özüm də nə deyəcəyimi bilmirəm. Hansısa fikir bildirsəm, azarkeşə qarşı çıxmış olacağam. Daha yaxşı oynaya bilərdi. Bu, sonradan meydana girən digər futbolçulara da aiddir. Bəlkə də həddindən artıq istəkli olmağımız bizi yordu".