İspaniyanın “Real Madrid” klubu belçikalı qapıçısı Tibo Kurtuanın mümkün əvəzləyicisini müəyyənləşdirib.
Teleqraf "A Bola" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi Portuqaliyanın “Benfika” klubunda çıxış edən Anatoliy Trubini transfer siyahısına daxil edib.
Mənbənin məlumatına görə, “Real Madrid” Kurtua ilə əməkdaşlığı davam etdirmək niyyətindədir. Tərəflər arasında Vinisius Juniorun müqaviləsi ilə bağlı danışıqlardakı kimi hər hansı fikir ayrılığı yoxdur. Buna baxmayaraq, 33 yaşlı qolkiperin yaşı və son illərdə tez-tez zədələnməsi klub rəhbərliyini gələcək üçün alternativ axtarmağa sövq edib.
Bildirilir ki, Kurtua özü də daha əvvəl Madrid klubunun onun varisi barədə düşünməsinin vacibliyini vurğulayıb. Bu səbəbdən “kral klubu” artıq mümkün namizədləri dəyərləndirməyə başlayıb.
Namizədlər arasında əsas favoritlərdən biri 24 yaşlı Anatoliy Trubindir. Ukraynalı qapıçı uzun müddətdir sabit çıxışı və yüksək potensialı ilə diqqət çəkir.
Maraqlıdır ki, Trubin Ukrayna millisində “Real Madrid”in digər qapıçısı Andrey Luninlə əsas heyətdə yer uğrunda rəqabət aparır.