Səudiyyə Ərəbistanının ilk qadın səfiri fəaliyyətə başlayıb



Səudiyyə Ərəbistanının ilk qadın səfiri Rima Bint Bəndər Əl-Səud krallığın diplomatik missiyasının rəhbəri kimi Vaşinqtonda fəaliyyətə başlayıb.

AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, Şahzadə Rima Bint Bəndər Əl-Səud özünün Twitter səhifəsində yazıb: “Bu gün Vaşinqtonda etimadnaməmi təqdim etməkdən böyük qürur hissi keçirdim. ABŞ paytaxtında öz həyatımın yeni səhifəsini açıram”. İlk qadın səfir yüksək peşəkarlığı olan komanda ilə işləyəcəyindən məmnunluğunu da ifadə edib.

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdül Əziz aprelin 16-da Şahzadə Rima Bint Bəndər Əl-Səudun ölkənin Birləşmiş Ştatlarda səfiri təyin olunması barədə sərəncam imzalayıb. Krallığın Vaşinqtonda əvvəlki səfiri kralın oğlu Şahzadə Xalid bin Salman olub.