Ucarda "qulyabanı" peyda olması cəfəngiyyatdır: Bəs kəndliləri vahimədə saxlayan "sirli varlıq" nədir? - RƏY

İlahiyyatçı: "Bəlkə o kənddə də kiminsə gözünə nəsə  görünüb və o da bunu real sayıb"



Ucar rayonunun Çiyni kəndində “qulyabani” peyda olub. Sakinlər israr edir ki, kənddə “naməlum varlıq”, “qulyabanı” var. Məlumata görə, kənd sakinləri əllərində dəyənək kolların arasından “qulyabanı” axtarır ki, bəlkə “tuta bildilər”. Başdan ayağa tüklü, çox sürətlə qaçan, hündür divarlara dırmaşan bu qəribə varlığın axtarışları üçün səfərbər olub. Məlumata görə,  iş o yerə çatıb ki, kənddə “qulyabanı”nın dolaşması haqda xəbərlərdən təşvişə düşən sakinlərdən birinin halı pisləşib. Ona təcili tibbi yardım lazım olub. Habelə kəndin kişiləri gündüz saatlarında belə çöldə-bayırda tək dolaşmaqdan çəkinir və naxıra belə getmək istəmirlər. Ucar rayonunun  Yuxarı Çiyni kənd bələdiyyəsinin sədri İqbal Xəlilovla əlaqə saxlayıb. İ.Xəlilov kənddə baş verənləri gülərək şərh edib:

“Həmin ərazidə ən çox gəzən mənəm. O “qulyabanı” mənim gözümə niyə görünmür?! Niyə mənim qarşıma çıxmayıb? Məşədi İbad demişən, “Tarix nadir”i yarısına qədər oxumuşam, ancaq belə bir şeyə rast gəlməmişəm”.

Bələdiyyə sədri sakinlərin təşvişini geridəqalmışlıqla əlaqələndirib:

“Kəndin camaatı arasında hələ də köhnə düşüncədə olanlar var. Görünür, onlar XXI əsrdə belə, nağıllara inanmaq istəyirlər. Özləri-özlərini  buna inandırırlar. Dünya insanları kosmosda necə yaşamaq barədə düşünür, bizim kəndin bəzi insanları da “qulyabanı” ovuna çıxıblar. 
Amma maraqlıdır ki, Çiyni kəndinin icra nümayəndəsi Vüqar Zeynalov “qulyabani” olmasını təkzib etməyib. V.Zeynalov “Virtualaz.org”a hələ də axtarışların davam etdiyini deyib. Onun sözlərinə görə, sonuncu dəfə sözügedən əcaib məxluqu iki gün öncə görüblər: “Bütün kənd narahatdır, çünki indiyə kimi kənddə belə əcaib məxluq görünməyib. Axırıncı dəfə kənd camaatı həmin məxluqu iki gün əvvəl axşam hava qaralana yaxın müşahidə eləyiblər. Bu dəfə başqa yerdə, dəmir yolu stansiyasının yaxınlığında gözə görünüb. Axtarışlar davam edir, kəndə polis cəlb olunub, hər yeri axtarırlar”.
V.Zeynalovun sözlərinə görə, inzibati ərazi dairəsi üzrə nümayəndəlik Çiyni və Qaradağlı kəndlərini əhatə edir. Kənd böyük kənddir və təxminən 4,3 min əhalisi var. Axtarışlar isə “qulyabani”nin müşahidə olunduğu Çiyni ərazisində aparılır.
Biləsuvardakı “Qaloş piri”ndən sonra ikinci haldır ki, təəccüb doğurur. Bəs ilahiyyatçılar nə düşünür? Həqiqətən də sirli varlıqlar varmı?

İlahiyyatçı Əkrəm Həsənov “Şərq.az”a bildirdi kİ, insan onu əhatə edən kainatın ölçülərini heç bilmir. Nə qədər və hansı sirli məxluqlar olduğunu necə bilsin?! “İslamda birinci əsas qaynaq “Qurani-Kərim”, sonra Rəsulullah (s.ə.s), sonra da islam alimləri tərəfindən təsdiqlənmiş qaynaqlardır.

“Qurani-Kərim”də “Aləmlərin  Rəbbi” ifadəsi var. Amma nə qədər aləmlər – yaradılmış nə qədər məxluq olması heş kimə məlum deyil. İnsan yaradılışın sirlərinə bələd ola bilməz. Bu, mümkün deyil. Amma “Qurani-Kərim”də ayr-ayrı məxluqlar barədə bəzi surələrdə, ayələrdə məlumat verilir. Məsələn, “Cin” surəsi var. Orda cinlərin də bir məxluq olduğu bildirilir. “əl-Bəqərə” surəsinin 102-ci ayəısində Süleyman peyğəmbərin (s) cinlərdən ibarət ordusu barədə məlumat verilir. Allah-təala özü buyurur ki, küləklər, bəzi heyvanlar, cinlər Süleyman peyğəmbərə tabe etdirilmişdi. Lakin  cinlərin qeybi bilmədiyi və buna görə də Süleyman peyğəmbərin canını tapşırmasına baxmayaraq cinlərin bunu bilməyərək onun üçün işləməkdə davam etdiyi də yazılıb. Yəni “Qurani-Kərim”də bəşər övladından başqa da məxluqların olması – Aləmlər olduğu qeyd edilir, lakin nə onların sayı, nə də xüsusiyyətləri açıqlanır.  Deyirlər 18 min aləm var. Amma hələ heç kim bu sirrə bələd deyil. Ona görə də hesab edirəm ki, hansısa bölgədə “qulyabani”, yaxud, hansısa naməlum varlıqların olması barədə şişirdilmiş məlıumatlar yayılır.

Bəlkə tükü bir az da uzun, adi insan görünüşündən fərqlənən bir insandır, bəlkə meşədə yaşayan birisidir, bəlkə kimdirsə, özünü o şəklə salıb. Mənə hardasa “sirli varlıq”, “qulyabani” olması inandırıcı görünmür. Dənizin dibində elə qəribə varlıqlar var ki, sayı-hesabı bilinmir. İnsanın psixoloji durumundan asılı olaraq gözünə nəsə görünə bilər. Amma bu real olmaya bilər. Bəlkə o kənddə də kiminsə gözünə nəsə  görünüb və o da bunu real sayıb. Amma həqiqət budur ki, Allah-təala, bizim sayını bilməyəcəyimiz aləmlər, məxluqlar yaradıb, lakin, o məxluqların heç biri, Allahın izni olmadan insana xətər toxundurmaq iqtidarlnda deyil. Hər bir canlının, hər bir varlığın Allah tərəfindən təyin edilmiş missiyası, vəzifəsi var. Heç bir varlıq Allahın qüdrətinə qarşı çıxa bilməz.