Yağışlı havada yüksək sürət: Sürücü ilə bağlı şirkətə xəbərdarlıq edilib

Bakı Beynəlxalq Avtovağzalından Gəncə istiqamətində hərəkət edən sərnişin avtobusunun yağışlı yolda yüksək sürətlə hərəkət etməsi ilə bağlı Dövlət Avtomobil Nəqliyyat Xidməti daşıyıcı şirkətə xəbərdarlıq edib. Bu sözləri Axar.az-a sosial şəbəkələrdə sərnişin avtobusunun yağışlı yolda sürətlə sürməsinə münasibət bildirən Dövlət Avtomobil Nəqliyyat Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib. O bildirib ki, sürücünün yağışlı yolda seçdiyi sürət həddi qanun pozuntusudur:

“Sürücülər sahibkarlar, yəni daşıyıcı şirkət tərəfindən işə götürülürlər. Yolda sürət həddinin aşılması, nəqliyyat vasitəsinin sürətlə idarə olunması kimi məsələlər digər aidiyyəti qurumlar tərəfindən tənzimlənir. Bizim sürət həddinin aşılması səbəbindən sürücüyə hansısa cəza verilməsi və ya işdən çıxarılması ilə bağlı daşıyıcı şirkətə tapşırıq vermək kimi səlahiyyətimiz yoxdur. Biz hər zaman bildiririk ki, gecə reysləri də daxil olmaqla, bütün daşınmalar zamanı sürücü səhlənkarlığı ucbatından hər hansı hadisə olarsa, aidiyyəti qurumlar həmin sürücünün qanun qarşısında cavabdehliyini təşkil edəcəklər. Bizim qurum isə səhlənkar sürücüləri işə qəbul etməsi ilə bağlı daşıyıcı şirkətə qanun qarşısında tələb irəli sürəcək.

Təbii ki, sözügedən bu görüntüdən sonra biz daşıyıcıya müraciət etdik və bildirdik ki, sürücü ilə bağlı ciddi ölçü götürsünlər. Görüntüləri də sürücülərin cəzalandırılması üçün aidiyyəti quruma göndərdik. Bizim işimiz sərnişindaşıma xidmətinin təşkil olunmasıdır. Bu xidmətdə sürücünün yol verdiyi qüsur aidiyyəti qurum və daşıyıcı tərəfindən tənzimlənir”.

Qeyd edək ki, bu gün Bakı Beynəlxalq Avtovağzalından Gəncə şəhəri istiqamətində hərəkət edən 99 XX 858 dövlət nömrə nişanlı sərnişin avtobusunun yağışlı yolda 130-140 km/saat sürətlə hərəkət etməsi barədə görüntülər redaksiyamıza daxil olub.