Azərbaycanda bağlanan nikah müqavilələrinin SAYI AÇIQLANDI: "Əsasən imkanlı şəxslərdi"


Azərbaycanda evlənən cütlüklər nikah müqaviləsi bağlayırmı?

Nikah müqaviləsini bağlamaq hələ ki, bir sıra səbəblərlə xoş qarşılanmır. Məsələn, oğlan evi bunu ayıb, qız evi bədniyyətlilik kimi qəbul edir. Ancaq tərəflər boşansa əmlak bölgüsü zamanı bir sıra problemlər ortaya çıxır. Nikah müqaviləsi olmadığı üçün boşanma zamanı əmlak bölgüsü üstündə az qala düşmənə çevrilirlər. Maraqlıdır, bu ilin 9 ayı ərzində Azərbaycanda nə qədər nikah qeydə alınıb? Ən əsası isə həmin nikahlardan neçəsində nikah müqaviləsi bağlanıb?

Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az -ın sorğusuna cavab olaraq nikahlarla, nikah müqavilələrinin sayı arasında çox böyük fərq olduğu bildirilib:

“Bu ilin 9 ayı ərzində 47.137 nikah qeydə alınıb. Ancaq onlardan cəmi 105-i nikah müqaviləsinin bağlanmasına razı olub. Dünya təcrübəsində də nikah müqavilələrinin bağlanması kütləvi hal daşımır. Nikah zamanı müqavilənin bağlanması barədə hər zaman cütlüklərə məlumat veririk. Ancaq göründüyü kimi, böyük əksəriyyət müqavilə bağlamaqdan imtina edir. Bunun da səbəbi müqavilə bağlanarkən tərəflərdən birinin hüquqlarının pozulması əsas gətirilir. Belə ki, cütlüklər nikaha daxil olarkən boşanma zamanı hər hansı əmlak itirməmək üçün müqavilədən boyun qaçırırlar. Müqavilə bağlanması gələcəkdə əgər boşanma olarsa, əmlak bölgüsü mübahisələrinin yaranmasının qarşısını alır. Belə müqavilələri əsasən imkanlı şəxslər bağlayır və onlarda boşanma baş verərsə əmlaklarından nəzərdə tutulan qədəri digər tərəfə verirlər”.

Azərbaycanda da ildən-ilə boşanma hallarının çoxaldığını nəzərə alsaq, bunun nə dərəcədə əhəmiyyətli olduğu üzə çıxır. Nikah müqavilələri tərəflərin razılığı ilə istənilən dövrdə dəyişdirilə, yaxud ləğv edilə bilər və bu razılıq yazılı formada olmalıdır. Nikah müqaviləsinə xitam verildiyi halda, ər-arvadın müqavilədə nəzərdə tutulan hüquq və vəzifələrinə də xitam verilir.